Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanın etirazlarına qalib gələrək Rusiyadan xam neft idxalını 90 faiz azaltmaq barədə prinsipial razılığa gəliblər. Lakin Macarıstanın neft yüklərinin daşındığı “Drujba kəməri”nin son embarqodan azad edilməsi Macarıstan hökuməti tərəfindən Avropa Komissiyası üzərində böyük qələbə kimi təqdim edilib.
Xatırladaq ki, Macarıstan Rusiya neftindən asılı olduqlarını iddia edərək, Avropa Birliyinin Moskvaya qarşı embarqo qərarına və Aİ-nin sanksiyalar paketinə veto qoyacağı ilə hədələyib. Ona görə də həftələrlə davam edən müzakirələrdən sonra qərar qəbul edilib.
Macarıstanın Baş naziri Viktor Orban mövzu ilə bağlı yayımladığı video mesajında macar ailələrə müraciət edib.
“Ailələr bu gecə dinc yata bilər, biz ən qorxunc fikri kənarda saxladıq”,-deyə bildirib.
Qeyd edək ki, Orban keçən ay elektrik enerjisi və yanacaq qiymətlərini aşağı tutacağına söz verərək ardıcıl dördüncü seçkini qazanıb, lakin keçən həftə subsidiyaların xərclərini ödəmək üçün yeni vergilər elan edib.
Leyla, Medianews.az