Mayın 30-da Bakıda Xorvatiya Respublika Günü qeyd olunub. Tədbir sonrası Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç Medianews.az-ın suallarını cavablandırıb.
Səfir vurğulayıb ki, Xorvatiya Qarabağın bərpasında iştirak edir: “Bizim minatəmizləmə maşınları Qarabağda minaları təmizləyir. Xorvatiyadan böyük təcrübəyə malik minatəmizləyicilərimiz öz biliklərini azərbaycanlı həmkarlarına ötürürlər. Azərbaycanın yenidən qurulması və bərpasında iştirak etməyə hazır olan Xorvatiyanın digər şirkətləri də vardır.
Nəhayət ən vacib odur ki, beynəlxalq səviyyədə tanınmış ərazilərin sülh yolu ilə reinteqrasiyası, eləcə də barışıq sahəsində Xorvatiya təcrübəsini bölüşməyə başlayıb. Sonuncu uzun bir prosesdir, bəzən bu nəinki illər, hətta nəsillər tələb edir. Bu günə kimi biz Xorvatiyadakı nəticələrdən razıyıq və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırıq. Biz əminik ki, Xorvatiya ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələr yenicə başlayıb və bizdən sonrakı nəsillərimizin hələ yeni başladığımız və ya edə bilmədiyimiz çoxlu işləri vardır”.
Xəyalə Rəis
Medianews.az