Ukraynada hərbi cinayətlər törətməkdə ittiham olunan rus əsgərlərinin məhkəməsi davam edir.
Medianews.az xəbər verir ki, Ukraynanın Xarkov vilayətini bombaladığı üçün Poltava vilayətinin Kotelevski Məhkəməsində mühakimə olunan rus əsgərlər Aleksandr Bobukin və Aleksandr İvanov haqqında qərar verilib.
Ötən həftə keçirilən ilk iclasda məhkəmə prokuroru Rusiyanın Belqorod vilayətindən Xarkov vilayətində hədəfləri atəşə tutan artilleriya bölməsinin tərkibində olduqlarını etiraf edən iki əsgərin hər birinə 12 il həbs cəzası istəyib.
Bu şəxslərin bombalama fəaliyyətlərində və şəhərin işğalında fəal iştirak etdikləri əsas gətirilib .
Məhkəmə kollegiyası rus əsgərləri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Hakim Evhen Bolıbok, “Bobukin və İvanovun təqsiri tam sübuta yetirilib”,-deyə bildirib.
İş materiallarına görə, təqsirləndirilən şəxslər fevralın 24-də Rusiyanın Belqorod vilayətindən Xarkovdakı Kozaça Lopandakı infrastrukturu və yaşayış yerlərini hədəfə alan artilleriya mərmiləri atıblar. Əsgərlər Ukrayna sərhədindən keçən Xarkov bölgəsini bombalamağa davam ediblər, Ukrayna Silahlı Qüvvələrinin cavabından sonra Bobukin və İvanov Ukrayna əsgərlərinə təslim olublar.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumlarından sonra fevralın 28-də Ukraynanın Sumi şəhərində 62 yaşlı ukraynalı Aleksandr Şelipovu öldürməkdə təqsirli bilinən 21 yaşlı rus əsgəri Vadim Şişimarin məhkəmə tərəfindən ömürlük həbs cəzasına məhkum edilib. Rus əsgər ukraynalı mülki şəxsi öldürdüyünə görə peşman olduğunu bildirib və öldürdüyü mülki vətəndaşın ailəsindən üzr istəyib.
Leyla,
Medianews.az