ABŞ-ın keçmiş prezidenti Donald Tramp 19 texaslı məktəblinin öldürülməsindən bir neçə gün sonra deyib ki, ABŞ Ukraynaya yardım etməzdən əvvəl məktəblərin təhlükəsizliyinin maliyyələşdirilməsinə üstünlük verməlidir.
Medianews.az xəbər verir ki, bu haqda informasiyanı BBC telekanalı yayıb.
“ABŞ Ukraynaya milyardlarla pul göndərirsə, uşaqlarımızın evdə təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi də edə bilər”. O, silah gəzdirənlərlə bağlı keçirilən konfransda belə deyib.
“Biz İraq və Əfqanıstanda trilyonlarla pul xərclədik və əvəzində heç nə almadıq. Dünyanın digər dövlətlərinə yardım etməzdən öncə öz ölkəmizdə uşaqlarımız üçün təhlükəsiz məktəblər tikməliyik”, – Donald Tramp əlavə edib.
Tramp həmçinin silaha nəzarətin gücləndirilməsi çağırışlarını rədd edərək deyib ki, yaxşı amerikalılar “şərdən qorunmaq üçün” odlu silahlara malik olmalıdırlar.
Xatırladaq ki, ABŞ Konqresi böyük səs çoxluğu ilə Ukraynaya təxminən 40 milyard dollar məbləğində hərbi yardımın göstərilməsinə səs verib. Ümumilikdə, ABŞ qanunvericiləri Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Ukraynaya təxminən 54 milyard dollar göndərib.
Medianews.az