Qətər və İngiltərə arasında iqtisadi, mədəni və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün İngiltərəyə gələn Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani Windsor qalasında İngiltərə kraliçası Elizabet ilə görüşüb.
Medianews.az xəbər verir ki, Baş nazirin 10 nömrəli ofisinin bəyanatında deyilir ki, Qətər əmiri iqtisadi artımı stimullaşdırmaq və qlobal çağırışları həll etmək üçün Böyük Britaniyanın Baş naziri Boris Conson ilə də görüşüb.
Əl Saninin səfəri çərçivəsində Qətər Böyük Britaniyaya texnologiya, səhiyyə, infrastruktur və təmiz enerji sektorları daxil olmaqla 10 milyard funt sterlinq sərmayə qoymağı vəd edib.
Körfəz ölkəsinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani Financial Times-a bildirib ki, vəsait qarşıdakı beş il ərzində Qətər İnvestisiya İdarəsi vasitəsilə maliyyələşdiriləcək.
“Ümid edirik ki, bu, Böyük Britaniya və Qətərə yaxın gələcəkdə böyük imkanlar gətirəcək”,-deyə Şeyx Məhəmməd bildirib.
Böyük Britaniyanın 2050-ci ilə qədər xalis karbon emissiyalarını sıfıra endirmək planlarına toxunan Məhəmməd, “xüsusilə texnologiya, “fintech” (maliyyə və texnologiyanın bir-birinə inteqrasiyası), davamlılıq sahələrində böyük potensial var”,- deyə qeyd edib.
Böyük Britaniyanın Baş naziri Boris Conson Qətərlə razılaşmanı Britaniya iş dünyasına etimad səsverməsi kimi alqışladıqlarını vurğulayıb.
“Böyük Britaniya-Qətər strateji investisiya tərəfdaşlığı ticarət və investisiyalar vasitəsilə iqtisadi artım vizyonumuzu həyata keçirəcək, ölkənin əsas sektorlarında keyfiyyətli iş imkanları yaradacaq”,-deyə Conson bildirib.
Böyük Britaniya və Qətər həmçinin qlobal enerji təchizatının təhlükəsizliyini dəstəkləmək, innovasiyaları və əməkdaşlığı artırmaq üçün birlikdə işləmək üçün anlaşma memorandumu imzaladıqlarını açıqlayıb.
Qeyd edək ki, keçən il Böyük Britaniya Abu-Dabi dövlət fondu Mubadala ilə Britaniya hökumətinə 10 milyard funt sterlinq sərmayə qoymaq üçün oxşar müqavilə imzaladı.
Xatırladaq ki, Qətər səlahiyyətliləri Almaniya, Fransa, İtaliya və İspaniya da daxil olmaqla, Avropanın bir çox hökumətləri və enerji şirkətləri ilə uzunmüddətli LNG müqavilələri bağlamaq və qitəyə ixracı artırmaq üçün danışıqlar aparır, eyni zamanda Rusiyanın enerjisindən asılılığını azaltmağa çalışır.
Leyla