Macarıstanda aprelin 3-də keçirilən ümumi seçkilərdə ardıcıl dördüncü dəfə qalib gələn Baş nazir Viktor Orban, yeni hökumət qurulduqdan dərhal sonra Ukrayna-Rusiya müharibəsi səbəbiylə gecə yarısından etibarən Macarıstanda fövqəladə vəziyyət elan edib.
Medianews.az xəbər verir ki, sosial mediada verdiyi açıqlamada Orban bildirib ki, Macarıstan hökuməti qonşu Ukraynada müharibənin yaratdığı problemlərə daha tez reaksiya vermək üçün fövqəladə səlahiyyətləri öz üzərinə götürəcək.
“Dünya iqtisadi böhranın astanasındadır” sözlərini işlədən Orban, Macarıstanın Ukraynadakı müharibədən kənarda qalmalı və ailələrin maliyyə təhlükəsizliyinin qorumalı olduğunu söyləyib.
Orban, hökumətin fövqəladə vəziyyət çərçivəsində ilk tədbirləri sabah açıqlayacağını bildirib.
Xatırladaq ki, Gənc Demokratlar Birliyi (Fidesz) Partiyasının lideri Orban aprelin 3-də keçirilən ümumi seçkilərdə parlamentdə 2/3 səs çoxluğu qazanıb. Orban 12 illik fəaliyyəti dövründə səlahiyyətlərini tədricən artırdığı üçün Avropa İttifaqı (Aİ) və insan haqları qrupları tərəfindən tez-tez tənqid olunur.
Leyla