ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Suriyanın şimalına mümkün əməliyyatının regional sabitliyə zərər verə biləcəyini deyib.
Medianews.az xəbər verir ki, Prays dünən keçirdiyi gündəlik mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı bəyanatından danışıb. ABŞ rəsmisi Türkiyənin “cənub sərhədində qanuni təhlükəsizlik narahatlıqlarını” anladıqlarını, lakin Suriyanın şimalında yeni əməliyyatın bölgədəki sabitliyi daha da pozacağını və ABŞ-ın bölgədəki hərbçilərinin İŞİD-lə mübarizədə risk altına düşəcəyini bildirib.
Prays ABŞ-ın Suriyanın şimalında artan hərbi fəaliyyətlərdən narahat olduğunu dilə gətirib.
Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan, bir neçə gün əvvəl verdiyi açıqlamada, “cənub sərhədlərimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsiz zonaları yaratmaq üçün başladığımız işin əskik hissəsi ilə bağlı addımlar atmağa başlayırıq. Ölkəmizə və təhlükəsiz zonalarımıza qarşı hücumların, təqiblərin və tələlərin mərkəzi olan ərazilər əməliyyat prioritetlərimizin başındadır. Türkiyə Silahlı Qüvvələrimiz, kəşfiyyat və təhlükəsizlik qüvvələrimiz hazırlıqlarını tamamlayan kimi bu əməliyyatlara başlanılacaq”,-deyə bildirib.
Leyla