Azərbaycanda ilk dəfə Mayın 26-29-da “Texnofest Azərbaycan” festivalı keçiriləcək. Tarixi hadisə hesab olunan bu günə sayılı günlər qalıb.
Bəs görəsən dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olan “Texnofest”-in Azərbaycanda keçirilməsi bizə hansı dividentlər gətirəcək? Ölkəmizin belə böyük bir festivala ev sahibliyi etməsi bizə nə qazandıracaq?
Mövzu ilə bağlı ekspertlərə, İt mütəxəssislərinə müaciət etdik. Mütəxəssislər Medianews.az-a açıqlamasında bu festivalın Azərbaycanda keçirilməsi ilə texnologiya yeniliklərinin, müxtəlif yarışmaların, dostluq və qardaşlıq münasibətlərinin yaradılacağını qeyd etdilər.
İnformasiya texnologiyaları üzrə ekspert Mehman İsgəndərov bizimlə söhbətində bildirdi ki, ölkəmizin belə əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi bizə böyük dividendlər qazandıracaq:
“İndiki dövrdə cəmiyyətin və iqtisadiyyatın inkişafında innovasiyanın rolu danılmazdır. Zamanın tələblərinə cavab verib innovativ inkişafla ayaqlaşan ölkələr daim ən ön sırada qərar tutublar. Son illər Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Məhz lV Sənaye İnqilabının çağırışlarına cavab vermək və rəqəmsal inkişafa nail olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Həmçinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin fəaliyyətini genişləndirməsinin şahidi oluruq. Məhz bu proseslərin məntiqi davamıdır ki, “Texnofest Azərbaycan” müsabiqəsi reallaşacaq.
Düşünürəm ki, “Texnofest” Aerokosmik və Texnologiya Festivalının ilk dəfə Türkiyə xaricində Azərbaycanda keçirilməsi iki ölkə arasında olan sarsılmaz tarixi bağlara malik olmasını, həmçinin Azərbaycan və Türkiyə prezidentlərinin bu sahədə uğurlu siyasətinin nəticəsidir. Bu kimi möhtəşəm tədbirə ev sahibliyi etmək ölkəmizin imicinin daha da artmasına səbəb olacaq və xarici texnologiya şirkətlərinin, transmilli holdiqnlərin ölkəmizə marağı artacaq.
Onu da nəzərinizə çatdırım ki, 44 günlük Vətən müharibəsində də bizim qələbə çalmağımıza şərait yaradan vasitələrdən biri də texnologiyanın son nailiyyətlərindən istifadə etməyimiz oldu. Məhz həmin dövrdə Azərbaycanın hərb tarixində ilk dəfə olaraq 5-ci nəsil müharibə əməliyyatları aparması ilə hərb tarixinə düşdü. Bu gün dünyanın qabaqcıl hərbi məktəblərində bizim Vətən müharibəsindəki taktika və strategiyamız tədris olunur. İkinci Qarabağ müharibəsində bizim istifadə etdiyimiz və ən son texnoloji həllərə malik “Bayraktar TB2″ dronları sonrada dünyanın bir sıra ordularının arsenalına qatıldı”.
Bu baxımdan M.İsgəndərov əminliyini bildirərək qeyd etdi ki, “Texnofest Azərbaycan” festivalı yerli şirkətlərin, startapların özlərini tanıtması, investor cəlb etməsi baxımından böyük əhəmiyyət kəsb edəcək: “Sözügedən festival həmçinin xarici şirkətlərin Azərbaycanda mərkəzləşməsinə də imkan yaradacaq. Bu isə gələcəkdə ölkəmizin regional “hub”a çevrilməsinə şərait yaradacaq.
Bir məsələni də diqqətinizə çatdırım ki, ölkə başçısının rəhbərliyi altında azad edilmiş torpaqlarımız “Yaşıl enerji” və texnologiya zonasına çevrilir. Məhz bu ərazilərdə yaradılan “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin əhatə dairəsinin genişləndirilməsi üçün də qeyd etdiyimiz festivalın əhəmiyyəti böyükdür. Belə ki, “Texnofest Azərbaycan” bizə dünyanın müxtəlif dövlətlərindən olan potensial investorları azad edilmiş ərazilərdə görülən və görüləcək işlərlə tanış etməyə, onların buraya sərmayə yatırmasına təşviq etməyə imkan yaradacaq”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Sayad İbrahimov “TEKNOFEST”-in keçirilməsinin əsas məqsədi milli aviasiya, kosmik və texnoloji inkişafına dəstək olmaqdan ibarət olacağını bildirdi: “Festivalın keçirilməsinin əsas məqsədi insanlara milli texnalogiyaları, texnaloji inkişaf prosesini göstərmək və bu sahə üzrə dünyada maraq doğurmaqdır. Festival daxilində də bir neçə yarışmalar, seminarlar, nümayişlər təşkil edilir. Bundan əlavə bu festivalı Türkiyə Texnoloji Fondu, Sənaye və Texnalogiya nazirliyi təşkil edir. Eyni zamanda bununla əlaqədar bir neçə texnoloji yarışmalar təşkil edilir, sponsorlar cəlb edilir. Bunun da əsas məqsədi hazırda bu sahəyə marağı, ideyaları olan, qurğular hazırlayan və s. mühəndislər “Start Up” layihərin inkişafına münbit şərait yaratmaqdır”.
S.İbrahimov festivalın ölkə üçün əhəmiyyətindən də danışdı: “Bu festival ilk dəfədir ki, Azərbaycanda təşkil edilir. Bunun gənc nəsillər üçün faydaları təbii ki var və gələcək nəsillər üçün də olacaqdır. Fikirimcə festivalın ölkəmizdə keçirilməsi aviasiya, kosmik və texnolji, eyni zamanda “Start Up” ekosisteminin inkişafında böyük rolu olacaqdır. Gələcəkdə bu kimi sahərədə müxtəlif tədbirlərin, yarışmaların və s. keçirilməsi də gözləniləndir”.
Qeyd edək ki, festival ilk dəfə 2018-ci ildə ilk dəfə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi ilə hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır.
Xəyalə Rəis
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.