Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü böyük əks-sədaya malik olub. Eyni zamanda Bakıda məktəblilərin bir-birini bıçaqlaması hadisələri baş verib. Bir neçə gün ərzində məktəblərdə yaranan bu kimi hadisələr valideynlər arasında narahatlığa səbəb olub.
Mövzu ilə bağlı Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, gün keçdikcə məktəblərdə xoşagəlməz halların sayı artır və bu da böyük təhlükədən xəbər verir:
“Bütün şagirdlər eyni psixologiya və əxlaq normalarına malik deyillər. Onların xüsusiyyətləri, xarakterləri, məsələlərə yanaşma tərzləri fərqlidir. Təhsil öz əhatəsində böyük kontingenti birləşdirir və burada zaman-zaman xoşagəlməz hallar da baş verir. Ancaq bu o demək deyil ki, davamlı olaraq belə hadisələr yaşana bilər. Son zamanlar təhsil sistemində şahidi olduğumuz bu kimi hadisələr onu göstərir ki, təhsilin idarə edilməsində ciddi problemlər var. Şagird müəllim münasibətləri pozulub. Bu da bir çox məktəb direktorlarının məktəbə nəzarət etməmələrinin nəticəsidir. Onların başı şəxsi işlərinə, pul yığmağa qarışdığı üçün məktəblər nəzarətsiz qalıb.
Təbii ki, uşaqlar sosial şəbəkələrin təsirindən müəyyən qədər dəcəlliyə meyillidirlər. Amma biz bilirik ki, müəllim pedaqoqdur, heç bir halda şagirdlərin göstərdikləri dəcəlliyə reaksiya bildirə bilməz. Bu ciddi bir pozuntudur. Hesab edirəm ki, müəllimlər 2014-cü ildə qəbul edilmiş etik norma qaydalarına riayət etməlidirlər. Təbii ki, şagirdlər dərsin gedişatına mane ola bilirlər və olurlar. Amma biz onlara digər tərbiyəvi üsul və vasitələr tətbiq edərək müəyyən qədər tədrisə cəlb etməliyik. Bu gün o uşaqlar ona görə xoşagəlməz halları törədirlər ki, onlarla heç kim işləmir. Biz həmin uşaqlarla işləməli, onları məşğul etməliyik. Bu gün uşaqlar dərsdə bekar qalırlar və nəticədə dərsin gedişatına, digər uşaqlara mane olurlar. Müəllimin şagirdə şiddət tətbiq etməsinə heç bir halda haqq qazandırmaq olmaz. Çünki bu müasir pedaqoji qaydalara da ziddir. Bununla bağlı ciddi cəzalandırmalar olmalıdır. Şagirdə bu qədər də sərbəst hərəkət etmək icazəsi verilməməlidir. Verilibsə deməli məktəblərin idarəetməsi şagird müəllim tandemi pozulub. Təhsil Nazirliyinin hadisələrə reaksiya verməməsi də ayrı bir mövzudur. Bu gün Təhsil Nazirliyi məktəblərə nəzarət etmir, sadəcə simvolik bir iki foto çəkdirməklə işlərini yekunlaşmış hesab edirlər. Bu sahədə ciddi boşluqlar var.
Gün keçdikcə məktəblərdə xoşagəlməz halların sayı artır. Son iki gün ərzində məktəbdə şagird şagirdi bıçaqlayıb. Müəllim şagirdi döyüb. Biz artıq bu xəbərlərdən yorulmuşuq, övladımızı məktəbə göndərməyə qorxuruq. Çünki Təhsil Nazirliyi məktəblərə nəzarət etmir. Hər an övladımızın başına təhlükə gələ bilər. Məktəb direktorları da məsuliyyəti özlərindən yayındırırlar. Məsuliyyətsiz insanlar təhsil sistemində ciddi problemlər yaradırlar”.
Medianews.az