ABŞ Konqresi Ukraynaya ən böyük yardım paketini təsdiqləyib.
Medianews.az xəbər verir ki, hərbi, iqtisadi və humanitar yardımları əhatə edən 40 milyard dollarlıq yardım paketi mayın 10-da Nümayəndələr Palatasında təsdiqləndikdən sonra Senatda 86, əleyhinə 11 səslə təsdiqlənib. Bildirlir ki, yardım paketi indi ABŞ prezidenti Co Baydenin imzalaması üçün Ağ Evə göndəriləcək.
Senatda çoxluğun lideri Demokrat Çak Şumer səsvermədən əvvəl yardım paketini dəstəkləməyə çağırıb:
“Bu, böyük bir paketdir və yaşamaq üçün mübarizə aparan Ukrayna xalqının böyük ehtiyaclarını qarşılayacaq. Bu təcili yardımı qəbul etməklə Senat Ukrayna xalqına deyə bilər: “Həqiqi, əhəmiyyətli kömək, yardım yoldadır“. Bu yardım ukraynalıların qələbə qazanmasına kömək edə bilər”,-deyə bildirib.
Yardım paketinə 6 milyard dollar təhlükəsizlik yardımı, Ukraynaya göndərilən ABŞ avadanlıqlarının ehtiyatlarının yenilənməsi üçün 8,7 milyard ABŞ dolları, ABŞ ordusunun Avropa Komandanlığının əməliyyatları üçün 3,9 milyard dollar və fövqəladə vəziyyət baş verdikdə Konqresin icazəsi olmadan xərcləmək səlahiyyəti verilən 11 milyard dollar daxildir.
Həmçinin bu yardım ABŞ ehtiyatlarından hərbi texnika və silah göndərməyə icazə verir. Paketə, Rusiyanın hücumları nəticəsində yaranan qlobal ərzaq təhlükəsizliyi ilə mübarizə üçün 5 milyard dollar və Ukraynaya dəstək üçün yaradılmış iqtisadi dəstək fonduna ayrılmış təxminən 9 milyard dollar daxildir.
Məlumata görə, Rusiyanın Ukraynaya müdaxiləsindən buyana ABŞ-ın yardımlarının məbləği 50 milyard dolları keçir.
Qeyd edək ki, Senatda səsvermədən əvvəl dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin Konqres üzvlərini yardım paketini tez bir zamanda təsdiqləməyə çağıraraq, ABŞ ordusunun mayın 19-dək Ukraynaya silah göndərmək üçün kifayət qədər pulunun olduğunu deyib.
Leyla