Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri mayın 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında olublar.
Tələbələr Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Bakı Kamera Orkestrinin konsertini dinləyiblər. Tədbiri giriş sözü ilə açan sənətşünaslıq üzrə fəlsəfə doktoru Minəxanım Babayeva Mədəniyyət Nazirliyinin “Yeni adlar” və “Mədəni gənclik” layihələri barədə məlumat verib. Mədəniyyət Nazirliyinin gənclər siyasətindən bəhs edən natiq Azərbaycan gənci və Azərbaycan mədəniyyəti arasında körpü yaratmağı hədəfləyən belə layihələrin gənclərin incəsənətə marağının artırılmasında əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, “Mədəni gənclik” layihəsinin davamlı olması, cari ilin may-iyun ayları ərzində tələbələrin Rus Dram Teatrının, Milli Dram Teatrının, Musiqili Teatrın, Opera və Balet Teatrının tamaşalarında və Dövlət Filarmoniyasının tamaşalarında və konsertlərində iştirakı planlaşdırılır.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, mədəniyyət və incəsənət xadimləri də iştirak edib.