“Bu gün Bakıda öz işinə başlayan İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı Azərbaycanın mühüm uğurlarından biri olmaqla regional siyasi proseslərin mərkəzinə çevrildiyini təsdiqləyir. Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak etməsi konfransın gündəliyinin olduqca zəngin olmasından xəbər verir. Konfransın Azərbaycanın Milli Məclisində keçirilməsi ölkəmizin parlament institutnun regional siyasi proseslərdə olduqca mötəbər statusunun olmasına dəlalət edir”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Medianews.az-a açıqlamasında bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan hər zaman İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında fəal mövqeyi və faydalı təşəbbüskarlığı ilə seçilir. Ötən illərdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının konfranslarında Azərbaycan nümayəndə heyətinin aktiv iştirakı yüksək qiymətləndirilib və konfransda müzakirə olunacaq məsələlərdə səmərəli təklifləri içtirakçıların dərin marağına səbəb olub:
“Hazırkı konfransda müzakirə olunacaq məsələlər quruma üzv dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, post-pandemiya dövründə əməkdaşlığını daha da artırılması, əlaqələrin dərinləşməsi ilə bağlı yaxşı fürsət və imkanlar yaranıb ki, bu da konfransın proqramında xüsusi mövzulardan biri kimi əhəmiyyətli olacaq. Həmçinin, faydalı müzakirələr İƏT ölkələrinin parlamentləri səviyyəsində əlaqələrin daha da dərinləşməsi, deputatların mütəmadi görüşləri qurum qarşısında duran vəzifələrin həlli, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir”.
Aydın Hüseynov bildirib ki, İƏT-in Üçüncü Konfransında Sədrlik Pakistandan Azərbaycana keçəcək: “Azərbaycan təşkilatın Sədri kimi qurumun nüfuzunun daha da artması, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün səylərini əsirgəməyəcək. Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın böyük ictimai-siyasi fəaliyyəti və təşəbbüskarlığı sayəsində Azərbaycan İƏT-də Sədr ölkə kimi daha da fəal mövqe nümayiş etdirəcəkdir. Azərbaycan Milli Məclisi üzərinə böyük məsuliyyət götürərək İƏT ölkələrinin parlamentləri arasında əməkdaşlığın dərinləşməsi ilə bağlı səmərəli və faydalı addımlar atacaqdır. Hazırda öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan regionda yeni realıqlar yaradır və öz güclü iqtisadi potensialını regiona ölkələrinin üzünə açıbdır. Qarabağ və Şərqi Zəngəzurda böyük iqtisadi güc və təşəbbüskarlıq füsrsətləri artır və bu baxımdan İƏT ölkələrinə Azərbaycanın iqtisadi potensialından səmərəli istifadə etmək üçün əlverişli imkanlar təmin ediləcəkdir. Nəticədə İƏT-lə Azərbaycan arasında qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsində yeni mərhələ başlanacaqdır”.
Medianews.az