Müasir həyatın sürətli ritmində insan stresslərə tez- tez məruz qalır. Demək olar ki, gündəlik ünsiyyətdə olduğumuz insanlar, nəqliyyat, mobil əlaqələr, informasiya, internet, televiziya. Bunların hamısı insandan böyük diqqət tələb edir və bunlara böyük enerji sərf olunur. Bəs bu enerjini necə qaytarmaq olar?
Medianews.az -ın qonağı yoqa ustası Nərgiz Rzayeva deyir ki, insanın psixikasına mənfi təsir edən əsəbiləşmə, qəzəblənmə, nifrət və qorxuların qarşısını almaq üçün yoqa ən ideal vasitədir. Belə halda, yoqanın düzgün tətbiqi həyat və sağlamlıq üçün vacibdir. Yoqa nəinki insanı sağlamlaşdırır, həm də onu stresslərdən azad edir, dünya görüşünü genişləndirir.
– Yoqa ilə tanışlığım 6 ilə öncəyə təsadüf edir. Yoqaya yazılmaq üçün bir müəllimlə tanış oldum və o bildirdi ki, yoqa ilə tanış olmamışdan öncə çəliklə gəzib. Ancaq indi heç bir problemi yoxdur, özünü daha sağlam və gümrah hiss edir. Ona inandım və yoqaya başladım. Əslində inam işin yarısıdır. Belə ki, mən özüm də şahidi oluram ki, kim yoqaya həvəs və inamla yanaşırsa bunun təsirini daha çox və tez görür.
– Yoqanın insan həyatına təsiri nələrdən ibarətdir?
– Yoqanın mahiyyəti insana fiziki sağlamlıq bəxş etmək, fərdin öz daxili aləmi ilə təbiət arasında sağlam harmoniya yaratmaq, insanı pozitiv bir fərd kimi formalaşdırmaqdan ibarətdir. Əgər bütün bunlar varsa, deməli, fərd sağlam yetişə biləcək. Yoqanın mahiyyəti sağlam şəxsiyyət formalaşdırmaq və insanlıq yolunda onun rolunu artırmaqdır. Yoqa idman deyil, din heç deyil. İnsan yoqa ilə məşğul olmağa başlayanda bütün problemlərini unudur və özünü rahat hiss edir.
İlkin şərtlərdən biri insanın özündə nizam-intizam formalaşdırmasıdır. Səhər tezdən durub ac qarnına yoqa etmək, düzgün qidalanmaq lazımdır .
– İnsan necə səhər ac yoqa edə bilər?
– Səhər duranda necə əl-üzünüzü yuyursunuzsa eləcə də yoqa ilə məşğul olursunuz.
Fiziki cəhətdən çox çətindir, amma öyrəşirsiniz. Mən özümə sual verirdim ki, bu mənim bədənimi incidir, axı mən niyə yoqaya bu qədər həvəsliyəm. Hər dəfə dərsdən sonra ölü şəklində uzanırdıq. Saat yarım etdiyimiz hərəkətlərdə bədən rahatlanırdı. Sanki oyanıb səbəbsiz xoşbəxt olursan. İnsan düşünür ki, fiziki cəhətdən enerji itirir. Amma əksinə enerji qazanır.
– Azərbaycanda yoqa nə qədər məşhurdur və tələbatlıdır?
– Bizdə yoqaya yanaşma tərzi fərqlidir. Kimisi də dinlə əlaqələndirir. Hətta yoqanın günah olduğunu deyənlər də var. Əslində yoqa özünü dərk etməyə kömək edən bir yoldur. Orada həm danışığa, həm qidaya, həm də özünə fikir verməlisən. Bu da yaxşı insan formalaşdırmaq üçün əsas şərtlərdəndir. Aydın məsələdir ki, yoqanın vətəni Hindistandır. Biz isə Azərbaycandayıq və Şivaya sitayiş etmirik. Yoqanı Şiva Allahı yaradıb. Yoqa bizə içimizdə olan Allahı tapmağa kömək edir.
– Ancaq Şivanın tanrı olduğunu nəzərə alsaq bu da bir dindir.
– Din nə üçün yaranıb? İnsanı bir yola salmaq və idarə etmək üçün. Yoqa deyir ki, Allah sənin içindədir. Sən özünə inan və güvən. Biz də deyirlər onu eləmə Allah səni günahlandırar. Mən Allahın ən sevimli bəndənələrindən biriyəm, Allah məni necə günahlandıra bilər? Baxmayaraq ki, yoqa din deyil, amma onun əsasları demək olar ki, hər bir dində var. Yoqa əziyyətlərdən qurtarıb öz gücünü və enejisini daha sərfəli istifadə etməyə kömək edir. Yoqa nə idman növü, nə də dindir. Əksər insanlar üçün yoqa – müdrik qocanın lotos vəziyyətində oturub saatlarla meditasiya etməyi kimi, bəzilərinə isə idman növü kimi görünür. Amma yoqa termini hindistanlıların sanskrit dilindən gəlib və “ittifaq, birlik” deməkdir. Mənası isə “insanın şüurunun kainatla birliyi” deməkdir.
– Yoqa ilə məşğul olarkən qidaya necə diqqət etmək lazımdır?
– Yoqa ilə məşğul olanların əksəriyyəti vegeteriandır. Ətdən imtina edirlər. Mən 6 ildir Yoqa ilə məşğulam, hələ bu il ətdən imtina etməyə başlamışam. Ət yeyən də deyiləm. Bu il o fikrə gəldim. Tədricən yoqanın gözəlliyini ruhunuzla duyanda, ağır qidalardan özünüz imtina edəcəksiniz.
– Təbiətdəki Yoqa ilə qapalı məkandakı yoqanın nə kimi fərqləri var?
– Təbiətdə təmiz hava qəbul edirsiniz, təbiətlə təmasda olursunuz. Onun effekti tamamilə başqadır.
Xəyalə Rəis
Medianews.az