“McDonalds” restoranlar şəbəkəsi 30 illik fəaliyyətindən sonra Rusiyanı birdəfəlik tərk edəcəyini bildirib.
Medianews.az xəbər verir ki, şirkət restoranlarını satmağa başlayacağını açıqlayıb.
Qeyd edək ki, Rusiyada ilk McDonalds filialı 1990-cı illərdə Moskvada açılıb. O zaman Sovet İttifaqı öz iqtisadiyyatını Qərb şirkətlərinə yenicə açırdı və McDonalds kimi bir şirkətin ölkəyə daxil olması bu istiqamətdə çox mühüm addım idi. Bu gün şirkətin Rusiyadan çıxması da eyni dərəcədə diqqət çəkir.
McDonalds, Moskvanın Ukraynanı işğal etməsindən sonra mart ayında Rusiyada 850-yə yaxın restoranı müvəqqəti bağladığını açıqlamışdı. Şirkət fəaliyyətinin dayandırıldığı müddətdə restoranlarında 62 minə yaxın işçinin maaşını ödəməyə davam edəcəyini bildirmişdi. Şirkətin baş direktoru Kris Kempçinski Ukraynadakı münaqişəsinin insanların sözlə ifadə edilməyəcək qədər əziyyət çəkməsinə səbəb olduğunu bildirmişdi.
Rusiyada biznes sahibi olmağın artıq müdafiə oluna bilməyəcəyini və onun dəyərlərinə zidd olduğunu bildirən şirkət, satış prosesi başa çatana qədər ölkədəki işçilərinin maaşlarını ödəyəcəyini, prioritetin isə onları işlə təmin etmək olduğunu bildirib.
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri bir çox beynəlxalq şirkətlər bu ölkədə fəaliyyətlərini dayandırmaq qərarına gəliblər. Onların arasında “Coca Cola”, “Netflix” və “Shell” kimi nəhənglər var.
Fransanın avtomobil istehsalçısı Renault da bu gün Rusiya ilə əməkdaşlığa son qoyacağını açıqlayıb.
Renault şirkəti öz payının böyük hissəsini Rusiyanın avtomobil istehsalçısı Avtovaz şirkətinə satacağını bəyan edib.
Bu qərarın McDonalds və Renault kimi böyük şirkətlərə geri dönməz investisiyalara milyardlarla dollar bahasına başa gələcəyi düşünülür.
Turan Oruc
Medianews.az