“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycandan səslərin təqdim edilməsi zamanı problem yaranıb.
Bu səbədən də Azərbaycandan xalları İctimai TV-nin aparıcısı Nərmin Salmanova deyil, Martin təqdim edib.
Bununla bağlı Nərmin Salmanova Medianews.az-a danışıb. Bildirib ki, Azərbaycanın jüri heyəti 12 xalı Ukraynaya vermişdi: “Mən çıxışımda “12 points go to Ukraine” deyəcəkdim. Sıra mənə çatanda salamlaşacaqdım ki, əlaqə bizdən olmayan səbəbə görə kəsildi və Avroviziya müsabiqəsinin rəhbər şəxsləri əllərində texniki səbəbəmi, ya bilmirəm niyə səhv xalları elan etdilər. Məsələ araşdırılır”.
Nərmin Salmanova efirdə getməyən çıxışını qısa şəkildə çəkərək sosial şəbəkədə paylaşıb. Onun bu paylaşımı da diqqət çəkib. Aparıcı bizimlə söhbətində bu paylaşımın “Sabaha Saxlamayaq” verilişində səsləndirdiyi ilkin açıqlama olduğunu bildirdi: “Mən bağlantıya çıxa bilmədiyim üçün otağa geri döndük və əynimi dəyişib “Sabaha saxlamayaq” verilişində iştirak etdim. Sonra həmin verilişdə auditoriyada əyləşən tələbələr yaxınlaşdılar ki, bəlkə belə bir şey edək, yarışmada nəyi elan edəcəkdinizsə onu videoya çəkək, xatirə kimi. Mən də qısa nitqlə çıxış etdim. Elan edəcəyim, lakin imkan verilməyən hissəni orada qısa şəkildə səsləndirdim. Əslində çox da yaxşı simvolik bir mənası alındı və sosial şəbəkələrdə, ən çox da “Twitter”də xarici izləyicilər tərəfindən maraqla qarşılandı və onminlərlə baxış yığdı. Hətta Avroviziya ilə bağlı məşhur fanat səhifələri məqalələrində məhz “The missing part” – çatışmayan hissə adlandırdığım bu videonu paylaşırdı”.
Qeyd edək ki, yaranan məsələ ilə bağlı Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) açıqlama verib.
Medianews.az