Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.
Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.
Mayın 14-də başa çatan sayca beşinci festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak ediblər.
Festival işçtirakçıları Medianews.az-a açıqlamalarında “Xarıbülbül” festivalı ilə bağlı öz təəssüratlarını bildiriblər.
Xalq artisti Mənsum İbrahimov zəfərimizdən sonra Şuşada keçirilən ikinci beynəxlalq “Xarıbülbül” festivalının keçirilməsini böyük mədəniyyət hadisəsi hesab etdiyini dedi:
“Qələbəmizdən 6 ay sonra birinci festivalda iştirak etmək də mənə qismət olmuşdu. Orada “Qarabağ muğam” qrupu ilə iştirak edim. Bu ilki festival da çox möhtəşəm oldu. Dünyanın bir çox ölkələrindən musiqi qrupları gəlmişdi. Bu da onun göstəricisidir ki, dünya artıq
Azərbaycanı tolerant ölkə kimi tanıyır. Etnik azsaylı xalqların musiqi qruplarının bu festivaldakı iştirakı bir daha bunu sübut etdi. Bu eyni zamanda Azərbaycanda yaşayan xalqların etnik birliyinin, qardaşlığının göstərisidir.
Festivalın Şuşada bu şəkildə təntənəli keçirilməsi dünyaya siyasi mesaj idi ki, Şuşanın əbədi sakinləri qayıdıb. “Qarabağ şikəstəsi”-nin Şuşada səsləndirilməsi bunu bir daha sübut etdi.
Ümumiyyətlə “Qarabağ şikəstəsi” Qarabağın musiqi pasportudur. Bu torpağın bizim tarixi torpaq olduğunun göstəriclərindəndir. Bu gün Qarabağımız bərpa olunur. Baxmayaraq ki, mənfur düşmən torpaqlarımızı viran qoyub. Biz abadlıq quruculuq işləri edərək Şuşaya mədəniyyətimizi aparırıq”.
Xalq artisti qeyd etdi ki, ölkə Prezidentinin “XarıBülbül” festivalının açılışında iştirak etməsi bu festivalın önəmindən xəbər verir:
“Artıq Şuşada beynəlxalq festivallar keçirilir. Orada məskunlaşandan sonra daha möhtəşəm tədbirlər keçirəcəyik. Şuşa həm də turizm mərkəzinə dönəcək”.
Azərbaycan əsilli dünya şöhrətli fotoqraf Reza Deqati isə festivalın gözəlliyindən bəhs etdi. Bildirdi ki, o işağldan öncə də Şuşada olmuş bu torpaqların vurğununa çevrilmişdi: “Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mötəbər bir layihədir. Bu dəfə festival ona görə çox önəmlidir ki, burada iki səhnə qurulub. Onlardan biri Cıdır düzündə, biri isə Üzeyir Hacıbəyovun evinin yaxınlığındadır. Bununla da bütün dünya gəlib, görəcək ki, onun evini ermənilər necə dağıdıblar. Bunu mütləq şəkildə göstərmək lazımdır. Qoy bütün dünya görsün ki, dünyada musiqiləri səslənən Üzeyir Hacıbəyovun evini necə talan edib, dağıdıblar. Evində heç nə qoymayıblar. Bir neçə müddətdən sonra Şuşa bir azdan həqiqətən böyük cənnətə çevriləcək. Şuşada Natəvanın, Vaqifin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Üzeyir bəyin ruhu var və onların gördükləri işlər bu torpağa hopub. Buna görə də inanıram ki, Şuşa tezliklə nəinki Azərbaycanda, dünyada gözəl şəhərlərdən biri, mədəniyyət mərkəzi olacaq. Şuşa başqadır, özəldir və doğmadır. Şuşanı bütün dünyaya foto dili ilə çatdırmaq, tanıtdırmaq istəyirəm. Ən böyük arzum Şuşada foto məktəbi yaratmaqdır. Burada foto festivallar da keçirmək olar. Həmçinin Şuşada fotoqalereya yaratmağı da planlaşdırıram. 30 il əvvəl Şuşaya gedəndə Şuşa mühasirədə idi. Mən çətinliklə gedə bildim. Snayperlə papağımı vurmuşdular. Həmin papağı yadigar saxlayıram”.
Aşıq Əli Tapdıqoğlu bizimlə söhbətində festivaldakı çıxışlarından söz açdı: “Festival möhtəşəm keçdi. Azərbaycanın mədəniyyət paytaxtı olan bu gözəl şəhər “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. İyirmi doqquz ildən sonra qədim mədəniyyət beşiyi olan Şuşa yenə öz doğmalarını, qonaqlarını qarşıladı… Tarixboyu yolu Şuşaya qonaq gələnlər xarıbülbülü görməyə can atıblar. Onu böyük heyranlıqla seyr ediblər. Bu gülün eşqi ilə şeirlər yazılıb, nəğmələr qoşulub. Xarıbülbülün şəninə festivalar təşkil edilib. Burada keçirilən konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə rövnəqləndiriblər. Nə xoş bizə ki, bu sənətkarlar arasında biz də varıq. Sevindicidir ki, mən ikinci dəfədir ki, “Xarıbülbül” festivalında iştirak edirəm. Möhtəşəm tədbir keçdi. Biz Şuşada qürurverici anlar yaşadıq. Hava yağışlı, soyuq olsa da Ali Baş Komandanımız, cənab prezidentimiz çətirsiz yağışın altında bizi dinlədi. Bu da bizə səhnədə stimul verdi. Biz ondan güclənib möhtəşəm ifalar etdik. Şükürlər olsun ki, bizim o həsrətimiz sona yetib.
Dünyanın bir çox böyük səhnələrində olmuşam. Amma bizim üçün ən böyük, möhtəşəm səhnə “Xarıbülbül” festivalının səhnəsidir”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.
Xəyalə Rəis
Medianews.az