Finlandiya Prezidenti Sauli Niinistö və Finlandiyanın Baş naziri Sanna Marinin Finlandiyanın NATO-ya qəbulu ilə bağlı birgə bəyanatından sonra Almaniya kansleri Olaf Şolz Finlandiyanın NATO-ya üzvlüklə bağlı verdiyi bəyanatları alqışladığını və Finlandiyaya “tam dəstək” verdiyini bəyan edib.
“Finlandiyanın NATO-ya inteqrasiyası istiqamətində etdiyi çıxışları alqışlayıram. Prezident Sauli Niinistö ilə telefon danışığında Finlandiyaya Almaniya hökumətinin tam dəstəyini təmin etdim”,-deyə bildirib.
Prezident Niinistö sosial media hesabından verdiyi açıqlamada, Scholz ilə Finlandiyanın NATO üzvlüyünü müzakirə etdiyini ifadə edərək, “Finlandiya Almaniyanın NATO üzvlüyünə verdiyi dəstəyə görə minnətdardır”,-deyə qeyd edib.
Xarici medianın məlumatına görə, Rusiyanın ötən fevral ayında Ukraynaya hücumlarından sonra Finlandiyanın NATO-ya daxil olmasına ictimai dəstək 30 faizdən 80 faizə yüksəlib.
Finlandiya prezidenti Niinistö və Finlandiyanın baş naziri Marin Finlandiyanın NATO-ya daxil olması ilə bağlı birgə bəyanatda deyiblər:
“NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini və bütün müdafiə ittifaqını gücləndirəcək. Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir. Ümid edirik ki, bu qərarın qəbulu üçün lazım olan addımlar yaxın bir neçə gün ərzində sürətlə atılacaq”.
Kremlin sözçüsü Dmitriy Peskov isə jurnalistlərə açıqlamasında bildirib ki, Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün müəyyən təhlükə yaradacaq.
“Alyansın (NATO-nun) genişlənmə səyləri bizim qitəmizi daha sabit və təhlükəsiz etməyəcək. NATO bizə doğru irəliləyir. Təbii ki, bütün bunlar vəziyyəti sabitləşdirmək və təhlükəsizliyimizi təmin etmək üçün konkret təhlilin və zəruri tədbirlərin işlənib hazırlanması elementinə çevriləcək”,-deyə bildirib.
Leyla