Son illər kitab və qəzet kağızının, kitab satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi əsas müzakirə mövzularından idi. Parlamentdə də bir neçə dəfə kitab və mətbəə məhsulları üzərindən ƏDV-nin götürülməsi ilə bağlı təkliflər səsələndirilmişdi. Nəhayət, bu gün Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin, həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının ƏDV-dən azad edilməsi xəbərini aldıq. Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri müvafiq qərar imzaladı. Belə ki, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.
Mövzu ilə bağlı Medianews-a danışan “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev qeyd etdi ki, qəzet kağızının ƏDV-dən azad olunması ilə bağlı bu gün Baş nazir tərəfindən imzalanan qərar çap mediasının onsuz da çox olan məsrəflərinin azaldılması baxımından əhəmiyyətlidir: “Xüsusilə də son vaxtlar kağız məhsullarının bahalaşması kontekstində bu qərar təqdirəlayiqdir. Biz Nazirlər Kabinetinin bu qərarını dövlətin mediaya dəstəyinin növbəti bir aləti kimi qəbul edə bilərik. Amma bununla yanaşı, hesab edirəm ki, çap mediasının digər problemlərinin həlli istiqamətində də işlər görülməlidir. Satış şəbəkəsinin formalaşdırılması, qəzet satışının, abunəsinin stimullaşdırılması üçün addımlar atılmalıdır”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bu təşəbbüsü müsbət hal kimi qiymətləndirdi. O, saytımıza açıqlamasında bildirdi ki, ötən il Milli Məclisdə komitələrin iclasında bir neçə dəfə bu mövzu müzakirə olunaraq, qəzet kağızlarına və kitab nəşrinə əlavə dəyər vergisinin götürülməsi ilə bağlı fikirlərlər bildirilib: “İctimaiyyətdə də müzakirələr aparılaraq bu məqamın artıq yetişdiyi bildirilirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev də tapşırıq verdi ki, qəzet və kitab nəşrinə ƏDV ləğv olunsun. Bu prosesdən sonra gözlənilirdi ki, həmin qərar qüvvəyə minsin və həyata keçirilsin. Bu müsbət hadisə idi. ƏDV-nin ləğv edilməsi çap mediasının inkişafına qismən təsir göstərəcək, eyni zamanda, kitabların nəşri, çapı üzərindən əlavə dəyər vergisinin götürülməsini müsbət hadisə kimi qiymətləndirmək mümkündür. İndiki zamanda bu, çox lazım idi. Biz bu təşəbbüsü dəstəkləyirik”.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bizimlə söhbətində çap məhsullarının və çap kağızının 18 faiz əlavə dəyər vergisindən azad edilməsinin həm idxal zamanı, həm də ölkədə satış prosesinə şamil ediməsi bütünlüklə çap texnologiyası üzərində qurulmuş ölkə industriyasının bundan sonrakı inkişafında böyük mərhələ açdığını vurğuladı: “Açılmış bu mərhələ bütün komponentləri, çap texnologiyası ilə bağlı olan sahələrin mənafelərinə, tələblərinə cavab verir. Müxtəlif çap məhsullarının, kitabların, jurnalların ölkəyə satışı üzərində 18 faiz dəyər vergisi olduqca ağır bir yük idi. Bu da kağızın və digər çap komponentlərinin üzərinə oturur, həm də ölkədə istehsal olunan kitabların, eləcə də dərsliklərin xərclərini hədsiz dərəcədə qaldırırdı. Əlavə dəyər vergisinin ləğv olunması haqqında prezidentin təqdim etdiyi siyahının bu gün təsdiqlənməsi inkşaf tələbatına uyğundur. Daha az xərclərlə çap xərclərinə söykənən industriyamızda daha böyük nəticələrə nail olmaq mümkün olacaq. Yeni qaydalardan sonra daha az xərc qoymaqla kütləvi informasiya vasitələrinin məhsulların və kitabların həm istehsalında, həm də satışında tamamilə yeni nəticələr əldə etmək imkanı əldə edəcəyik. Çap mediası illərdir bu istiqamətdə böyük səylər göstərirdi. İndiyə qədər göstərilmiş bu səylər, çap mediasının bu cür xərclərdən azad olunması təəssüf ki, nəticə vermirdi. Son bir ildə Medianın İnkişafı Agentliyinin bu istiqamətdə göstərdiyi səylər, media nümayəndələri il aparılan müzakirələr səmərəli təkliflərin ümumiləşdirilməsindən sonra öz böyük nəticəsini verdi. Bu, çap mediasının bundan sonrakı inkişafında yeni bir mərhələ açacaq. Jurnalist təşkilatlarının səmərəli və məqsədyönlü şəkildəki çabaları töhfəsini verdi. 18 faiz ƏDV-nin ləğv olunması qəzet və jurnlalların xərclərinin 18 faiz xərclərinin aşağı düşməsi deməkdir. Bu da olduqca böyük nəticədir”.
“Region Plus” jurnalının baş redaktoru Namiq Mailov isə bildirdi ki, qəzet kağızının idxal zamanı ƏDV-dən azad edilməsi Azərbaycanda çap mətbuatına dövlət tərəfindən verilmiş böyük dəstək olacaq: “Ötən ilin sonunda Vergi Məcəlləsinə növbəti dəyişikliklər edildikdən sonra Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən Nazirlər Kabineti çap kağızının idxalını da ƏDV-dən azad edilən malların siyahısına əlavə etdi. Bu, çap mətbuatının iqtisadi dayanıqlığın təmin etmək üçün vacib idi.
Ümumiyyətlə, Azərbaycanda mediaya dövlət dəstəyi şəxsən ölkə başçısının diqqət mərkəzindədir. İndiyədək ölkədə qəzet və jurnallar yalnız reklama görə vergi ödəyirdi. Onların satışı, redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti vergiyə cəlb olunmurdu. İndi isə qəzet kağızının idxalı da 18%-lik ƏDV-dən azad olundu və bu da çap məsullarının maya dəyərinin aşağı düşməsinə imkan verəcək. Sadə dillə desək, istehsal xərclərimiz azalacaq.
Sosial şəbəkələr və internet media ilə rəqabətin güclü olduğu bir vaxtda dövlət tərəfindən ənənəvi çap mətbuatına belə bir dəstəyin verilməsi çox önəmli faktordur”.
Xatırladaq ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdu. Bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan verəcəkdi. Məsələ ilə bağlı ölkənin çap mediası subyektləri rəhbərləri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlərdə səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir. Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və bu gün imzalanan qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü olmaqla, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Xəyalə Rəis
Medianews.az