Rusiyanın 24 fevralda Ukraynaya qarşı başlatdığı müharibə davam edərkən, qarşıdurmalarda həlak olan rus əsgərlərinin cəsədlərinin soyuq vaqonlarda saxlandığı öyrənilib.
Medianews.az xəbər verir ki, Ukraynanın müxtəlif şəhərlərində baş verən qarşıdurmalarda həyatını itirən rus əsgərlərinin cənazələri Kiyevə gətirilir.
Meyitlərin şəxsiyyətinin müəyyən edilməsi üçün bioloji nümunələr götürüldükdən sonra buradakı soyuducu vaqonlara yerləşdirilir. Cəsədlərin mümkün tələbə uyğun olaraq Rusiya tərəfinə təhvil veriləcəyi bildirilir.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmisi Vladimir Lyamzin Anadolu Agentliyinə (AA) bildirib ki, Kiyev bölgəsində rus əsgərlərinin cəsədləri soyuducu vaqonlarda saxlanılır: “Rus əsgərlərinin cəsədləri hər gün buraya gətirilir. Cəsədlər 5 vaqonda saxlanılır. Bu vaqonlar Kiyevdədir”.
Ukraynanın digər bölgələrində də belə soyuducu vaqonların olduğunu qeyd edən Lyamzin cəsədlərin xahiş əsasında Rusiya tərəfinə çatdırılacağını bildirib.
Beynəlxalq humanitar yardım normalarına əməl etdiklərini və buna görə də cəsədləri qoruduqlarını ifadə edən Lyamzin, “DNT-ni müəyyən etmək üçün cəsədlərdən bioloji materiallar götürülür. Bu cəsədlərə Rusiyadan çox Ukrayna tərəfi baxır”, – deyə bildirib.
Turan Oruc
Medianews.az