“Çox istərdim ki, sənət müəllimlərim Radiq Əliyev və Fuad Poladov bugün həyatda olsun və onlarla sevincimi bölüşüm. Təəssüflər olsun ki, həmin sənətkarlar bu gün həyatda yoxdurlar. İnanıram ki, onların nəzəri hər zaman mənim üzərimdədir”
Bu sözləri Medianews.az-a açıqlamasında tanınmış aktrisa, prezident mükafatçısı Günel Məmmədova bildirib:
“Uzun müddətdir ki, bu sənətdə çalışıram. Mayın 10-da prezident mükafatına layiq görülmə xəbərim mənim üçün gözlənilməz bir hadisə oldu. Sevincimin həddi-hüdudu yoxdur. Bu xəbəri eşidəndə inanmadım. Mənim üçün inanılmaz hadisə və eyni zamanda böyük bir hədiyyə oldu.
Mənə bu sevinci bəxş etdiyi üçün ilk növbədə Ali Baş Komandanımıza, cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Daha sonra Gənc Tamaşaçılar Teatrının rəhbərinə, baş rejissorumuza minnətdaram. Sevincimə şərik olan hər kəsi bağrıma basıram. Əslində insanın xoş günündə onun sevincinə ürəkdən ortaq, şərik olanlar hiss olunur. Həmkarlarımın “Sən buna çoxdan layiq idin”sözü məni kövrəltdi.
Onu da qeyd edim ki, hər kəsin məni təbrik etdikləri halda iş yoldaşlarım anamı təbrik edirdilər. Çünki bilirlər ki, anam ilk addımlarımda yanımda olub, mənimlə bərabər əziyyət çəkib. Ailəm çətin günlərdə belə yanımda olub. Bunun özü də böyük bir stimuldur. Məni elə insanlar təbrik etdilər ki, ağlıma belə gəlməzdi ki, onlar mənim bu günümə sevinərlər.
Əgər bu sənətdə nəsə əldə etmişəmsə burda sənət müəllimlərimin də rolu böyükdür. Belə ki, Elşən Rüstəmov, Vaqif Əsədova təşəkkürümü bildirirəm”.
Medianews.az