Mayın 6-8-də Türkiyənin Antalya şəhərində Türk Xalqlarının Ənənəvi Mədəniyyət Festivalının açılışı olub. Azərbaycan festivalda geniş şəkildə təmsil olunub.
Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Nizami Cəfərov, Mədəniyyət Nazirliyinin sektor müdiri Elgün Əliyev, ölkəmizin Türkiyədəki səfirliyinin və İstanbuldakı baş konsulluğunun əməkdaşları Ceyhun Xəlilov və Zaur Allahverdizadə festivalın açılış mərasiminə qatılıblar.
Bundan başqa, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Səma” rəqs qrupu, eləcə də Türkiyədə fəaliyyət göstərən “Antalya Azərbaycan mədəniyyət və dayanışma”, “Azərbaycan deyincə” və digər dərnəklər ölkəmizi təmsil ediblər.
Azərbaycanla bağlı qurulan çadırlarda və stendlərdə ölkəmizin tarixi, mədəniyyəti, gözəl təbiəti, zəngin mətbəxi geniş təbliğ olunur, Azərbaycan-Türkiyə qardaşlığı tərənnüm edilir.
Medianews.az-a açıqlamasında Azərbaycan diasporasının rəhbəri Ceyran Səttarova bildirdi ki, festival “Səma” Azərbaycan Folklor Rəqsləri komandası ənənəvi milli geyimləri ilə iştirak edib: “Antalya Böyükşəhər Bələdiyyəsinin dərnəyimiz üçün qurduğu çadırda Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, tarixini və mətbəxini təsvir edən xalça, kilim, rəsm və fotoşəkillərdən ibarət sərgi açdıq. Kiçik bir muzeyi xatırladan, Azərbaycan mədəniyyətini və tarixini canlandıran çadırımızda açdığımız Qarabağ, Şuşa və Qələbə fotosərgisi ziyarətçilərin böyük marağına səbəb oldu. Üç gün ərzində çadırımıza gələn qonaqlar üzvlərimiz tərəfindən milli geyimdə qarşılandı, Azərbaycan tarixi və mədəniyyəti haqqında məlumat verildi. Ziyarətçilərə Azərbaycan mətbəxi və milli mətbəximizdən şirniyyatlar təklif olundu”.
Medianews.az