Hansısa restoranda, kafedə oturduqdan sonra ofisianta “çay pulu” vermək kimi “adət”imiz var. Düşünürük ki, ofisiantın bizə göstərdiyi xidmətin müqabilində biz də ona jest etməsək ayıb olar. Hətta bu adət o qədər geniş vüsət alıb ki, artıq restoranlar da bunu “rəsmi”ləşdiriblər. Belə ki, kafe və ya restoranların bir çoxunda “servis haqqı” deyə bir anlayış var. Bunun qiyməti isə nə az, nə çox 5, 10, 15, 20 faiz arası dəyişir.
Maraqlı bir məqam isə ondan ibarətdir ki, bir çox restoranların menyularında bu servis haqqı ilə bağlı məlumat öz əksini tapmır və müştərilər son ana qədər bundan xəbərsiz olurlar. Hesab gəldikdə isə nəzərdə tutduqları məbləğdən artıq gəldiyini görür və çətin vəziyyətə düşürlər.
“Servis haqqı” adı ilə müştəridən pul tələb etmək qanunidirmi? Müştərilər bu məbləği ödəməyə məcburdurlarmı? Bu cür hallarla rastlaşan vətəndaşlar hara müraciət etməlidirlər?
Hüquqşünas Şamil Paşayev Medianews.az-ın suallarını cavablandıran zaman bildirib ki, bu tamamilə qanunsuzdur.
“Restoranlarda 10-20 faiz servis pulu, xidmət haqqı alırlar. Bu tamamilə əsassız və qanunsuzdur.
Azərbaycanda qanunvericiliyə görə, restoranlar yemək və qənnadi məhsullarını vətəndaşlara təqdim etməlidir. Vətandaşın xəbəri olmadan, menyudan xaric hər hansı servis haqqı, xidmət haqqı qoymaq vətəndaşın cibinə girməkdir. Bu eyni zamanda ümumi xərci göstərdiyinə görə vergidən yayınmaqdır.
Vətəndaşların şikayət etmək haqqı var”.
Leyla
Medianews.az