Bir çox iri ticarət obyektləri, super marketlər və hətta bəzi yaşayış binalarına daxil olan zaman girişdə vətəndaşların üzərində axtarış aparılır.
Belə ki, ticarət obyekti və ya binanın qarajına maşınla daxil olan zaman mühafizəçilər sürücülərdən baqajı açmağı, piyada olduqda isə çantanın içərisini göstərməyi tələb edirlər. Vətəndaşlar etirazını bildirdikdə həmin şəxsləri içəri buraxmır, səbəbini soruşduqda isə sırf təhlükəsizlik məqsədi ilə etdiklərini bildirirlər.
Bu cür yoxlanışların aparılması qanuna uyğundurmu? Vətəndaşların üzərində hansı hallarda axtarış aparıla bilər?
Hüquqşunas Şamil Paşayev Medianews.az saytının suallarını cavablandıran zaman bildirib ki, bu cür hallar qanunvericiliklə qadağandır.
“İri ticarət obyektlərinə daxil olan zaman yoxlanış məqsədi ilə maşının baqajını açmağı tələb edirlər. Hətta olur ki, vətəndaşların çantalarına baxmaq istəyirlər. Lakin qanunvericiliklə bu cür hallar qadağandır”.
Hüquqşunas bildirir ki, vətəndaşın əmlakına baxış keçirmək, şəxsi axtarışa məruz qoymaq yalnız və yalnız müstəntiqin, prokurorun və məhkəmənin qərarı ilə ola bilər.
“Qalan heç bir halda şəxsi axtarışa, baxışa müraciət oluna bilməz”.
Leyla
Medianews.az