Azərbaycan ümumtəhsil məktəblərində illərdir ki, gender bərabərsizliyi davam edir. Belə ki, kişi müəllimlərin sayı, qadın müəllimlərlə müqayisədə olduqca aşağıdır. Xüsusilə də şəhər və qəsəbələrdə yerləşən məktəblərdə kişi müəllimlərin sayı yox dərəcəsindədir.
Təhsil eksperti Elşən Qafarov Medianews.az saytına açıqlaması zamanı bildirib ki, bizim ümumtəhsil məktəblərində gender məsələsi kifayət qədər ciddi məsələdir.
Ekspert bildirirb ki, hazırda Azərbaycan ümumtəhsil məktəblərində xanım müəllimlər 83 faiz olmaqla dünyada birinci yerdədir:
“Kişi müəllimlərin sayının az olmasının əsas səbəblərindən biri əmək haqlarının aşağı olmasıdır. Ailə başçısının 400-500 manat əmək haqqı alması ilə dolanmaq çox çətin haldır. Nəzərə alaq ki, bütün müəllimlər repititor ola bilmirlər. Buna görə də məktəblərdə kişi müəllimlərin sayı çox azdır.
Digə bir məsələ isə odur ki, bir çox hallarda məktəblərə gələn kişi müəllimlər xanım direktorların müəyyən tələbləri məsələn, müəyyən səbəblərlə pul yığımları kimi məsələlərə görə məktəblərdən uzaqlaşırlar”.
Ekspertin sözlərinə görə, şəhər və qəsəbələrdə bu faiz nisbəti çox böyükdür və hətta 90-95 faizə gəlib çatır:
“Ucqar kənd məktəblərinə getdikcə isə kişi müəllimlərin sayı artır. Bu da həmin ərazilərdə başqa bir işlə məşğul olmaq imkanın olmaması ilə bağlıdır. Əgər biz doğurdan da kişi müəllimlərin məktəblərə gəlməsini istəyiriksə, əmək haqqı indikindən 2-3 dəfə artıq olmalıdır.
Təsəvvür edin ki, bizdə yaşayış minimumu 220 manatdır. 4 nəfərlik ailənin başçısı olan kişi 400-500 əmək haqqı ilə necə dolana bilər? Bu səbəbdən də kişi müəllimlər digər sahələrə, özəl sektora getmək məcburiyyətində qalır”.
Leyla
Medianews.az