Hazırda Rusiya Silahlı Qüvvələrinin işğalı altında olan Ukraynanın Tokmak şəhərinin meri İqor Kotelevski naməlum şəraitdə ölüb.
Report UNIAN-a istinadən xəbər verir ki, bu barədə Poloqovskaya Regional Dövlət Administrasiyasının rəhbəri Artur Krupski məlumat yayıb.
Son bir aydır ki, İqor Kotelevskidən heç bir məlumat almaq mümkün olmayıb, yalnız mayın 7-də onun öldüyü məlum olub. Şəhər başçısının hansı şəraitdə vəfat etdiyi hələ ki məlum deyil.
Xatırladaq ki, Rusiya hərbçiləri fevralın sonunda Tokmaka daxil olub. Onlar Ukrayna Silahlı Qüvvələri ilə şiddətli döyüşlərdən sonra şəhəri işğal edərək öz qaydalarını yaratmağa başlayıblar.