Azərbaycanda audiovizual media üçün dövlət rüsumu 10 dəfə azaldılıb.Bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Belə ki, qanunun 22-ci maddəsində (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilib.
Yeni qanunla bağlı teletənqidçi Qulu Məhərrəmli təəssüratlarını Medianews.az– a bölüşdü.
Qulu Məhərrəmli bildirib ki, televiziyalar üçün dövlət rüsumunun 10 dəfə azaldılması, yəni 50 min manatdan 5 min manata qədər endirilməsi müsbət hadisədir. Bu, birinci növbədə, televiziyalarda xərclər siyahısında ciddi dəyişikliyə səbəb olacaq. Artıq vəsaiti əməkdaşların maaşlarına və sair istiqamətlərə yönəltmək mümkün olacaq. Doğrudur, xərclər konkret punktlar üzrə göstərilir. Lakin resurslar olandan sonra yerdə qalan 45 mini televiziyanın imkanı varsa, başqa xərclərə yönəldə bilər. İndiki halda da həmin 45 min az pul deyil. Büdcə fondunu formalaşdırmaq, dizayn proqramları, montaj, studiyada tərtibatlar üçün bunlar ciddi məsələlərdir. Ona görə bunu müsbət addım hesab edirəm. Yeni qanunu televiziyaya, mediaya növbəti qayğının bir təzahürü kimi qiymətləndirmək olar.
Cəmiyyətimiz informasyanın demək olar ki, yarısını televiziyalardan alır, ancaq buna baxmayaraq, peşəkarlıqla bağlı yenə narazılıqlar var – proqram siyasəti, məlumatların çatdırılması ilə bağlı. Buna görə də televiziyalar verilişləri təkmilləşdirərək daha yaxşı layihələri ekrana çıxartmalıdırlar”.
Xəyalə Rəis
Medianews.az