Mayın 3-də Xətai rayonunda özünü binanın 7-ci mərtəbəsindən atan 17 yaşlı Xumar Babayevanın intiharı sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrililib. Bu, nə ilkdir, nə də son. Son illər intihar edən gənclərin statistikasına nəzər yetirdikdə şahidi oluruq ki, onları intihara aparan səbəblər əsasən eynidir: Ailə təzyiqi, cəmiyyətin basqısı. Bu vəziyyət artıq faciəvi hal almağa başlayıb.
Belə intihar halları imtahan ərəfəsində yaşanmağa başlayır. Aşağı nəticə göstərən və universitetə qəbul ola bilməyən gənc evdə, cəmiyyətdə olan təzyiqlərdən qorxub, narahat olaraq, çıxış yolunu intihar etməkdə görür.
Bəs, belə faciələri önləmək üçün nələr etmək lazımdır?
“Fiziki zorakılıq mənəvi zorakılığın yanında acizdir”
Psixoloq Vəfa Rəşidova valideynlərin övladlarından daha artığını istədiyini və onların potensialına uyğun davranmadıqlarını, bu kimi səbəblərin gəncləri intihara sürüklədiyini bildirdi: “Kasıb maddi durumundan məmnun deyil, imkanlı da imkanından. İnsanlar hər şeyin daha artığını istəyir, var olanlara qane ola bilmirlər. Kimisi həyat yoldaşından, kimisi həkimindən, kimisi dostundan, kimisi uşağından gözləntiləri var və əldə etikləri ilə də qane olmurlar. Bu da basqı yaradır, insanı insanlıqdan çıxarır. Özünü gözə almadan qarşı tərəfi mənəvi şəkildə zorlayır. Düşünürəm ki, fiziki zorakılıq mənəvi zorakılığın yanında acizdir. Bu gün ailələrin dəhşəti mənəvi zorluqdur. İnsanlar özlərini borclu hesab edirlər. Onları da bu hala gətirən də qarşı tərəfdir. “Sən borclusan, etməlisən”, “az edirsənsə bu cəmiyyətə yararsızsan”, “gücün azdırsa bu cəmiyyətdə heç kimsən” kimi bir alqı yaradıblar. Valideynlər övladlarının potensialına uyğun davranmırlar. Övladlarından özlərinin olmadığı şeylər istəyirlər. Övlad həm özü, həm də valideynlərinin istədiyi olmalıdır. Bu da uşaqlarda ikili şəxsiyyətə gətirib çıxarır. İnsanların bacardığından əlavə yükləyirsinizsə, o zaman siz uşaqlarınızı intihara bir addım yaxınlaşdırırsınız. Biz bunu dəfələrlə vurğulasaq da təəssüflər olsun ki, bu təzyiq illərlə davam edir. Məsələnin də kökündə cahillik dayanır. İnsanlar olduğundan artıq görünmək, yaxşı yaşamaq istəyir. Amma o yaxşı yamaşağın uğrunda nələri qurban vermək daha önəmlidir. Basqı yaradan valideynlər üçün bir müqəddəs hiss var, o da ad- san və puldur. Nə qədər ki, pul vəzifəni, insanları ilahiləşdirəcək o qədər də intiharların sayı çoxalacaq”.
“Orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb”
Təhsil eksperti Kamran Əsədov təhsil sahəsində olan problemlərə nəzər saldıqda onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəif olduğunu bildirdi: “Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır. Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, maariflənmə işi düşünürəm ki, daha da geniş formada aparılmalıdır. İkinci bir tərəfdə psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır. Çünki heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək də, öz işləri ilə yanaşı, başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Bir də psixoloqun ştat vahidinin müəyyən olunması, bu da psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq. Orta məktəbdə çalışan psixoloqun aldığı əmək haqqı da, digər müəllimlərin aldığı məvacibə, müəyyən qədər bərabər tutulmalıdır. Bax, bu işlərin həll olunması və eyni zamanda, düşünürəm ki, orta məktəbdə çalışan psixoloqların təlimləri, treninqləri mütəmadı olaraq keçirməsi vacibdir. Çünki orada uşaqlarla yanaşı, yeniyetmələr də mövcuddur. Və onların da içərisində elə uşaqlar var ki, konkret olaraq psixoloji rahatsızlıqları ilə yanaşı, həm davranış, ünsiyyət problemləri var, həm də çətin tərbiyə olunan uşaqlar. Orta məktəb psixoloqları da bilməlidir nə formada işləmək lazımdır və onlar bu haqda bilgilənməlidir. Bunların hamısı düşünürəm ki, nəzərə alınmalıdır. Həmçinin, valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Və hər şeyi də psixoloqdan gözləmək düzgün deyil. Yenə də qeyd edirəm ki, psixoloq yeni sahədir və orta məktəbdə çalışan psixoloqların bir qismi ixtisas dəyişəndən sonra, bu psixoloji xidməti yerinə yetirməsində biz onlara vaxt verməliyik. Onların təkmilləşdirilməsi istiqamətində əlimizdən gələni etməliyik. Son illər ərzində Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi qayğı göstərilir. Təlimlər keçirilir, indi də davam etdirilir. Məsələ burasındadır ki, ştat vahidinin verilməsi bir az zaman alan bir məsələdir. Təəssüf ki, bizim insanlarda hələ psixoloqa ödəniş etmək yanaşması tam formalaşmayıb. Bizim insanlar yarım saat bir müğənniyə 5 min manat pul saya bilirlər, lakin, psixoloq bir saat məşğul olur və istər uşağın, istər ailənin, istər də yeniyetmənin problemini həll edir. 25 manata maksimum isə 30 manata və bu ödənişə baha deyirlər. Biz cəmiyyət olaraq məktəbdə psixoloqu qəbul etmirik və çox pis baxırıq. Övladlarımızın təkcə fiziki inkişafı üçün yox, həm də psixoloji cəhətdən inkişafı üçün işlər görməliyik. Amma ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, orta məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsinə, dünya təcrübəsinin tətbiqinə ciddi şəkildə ehtiyac var”.
“Ali təhsili cəmiyyətimizdə hər yerə girə bilən əl, yaşıl işıq hesab edirlər”
Sosioloq Lalə Mehralı qeyd etdi ki, ali təhsil ocaqlarına qəbul olmayan məzunların intihara cəhd etmələri onların ailədə, valideynləri tərəfindən yaradılan təzyiqlərin nəticəsidir: “Bu məsələdə kənardan müzakirə yürütmək doğru olmazdı. Amma ümumilikdə valideynlər uşaqlara universitetə qəbul olması üçün çox müdaxilə edirlər. Təhsil almadan da həyat qurmaq, hər hansı sənət, peşə öyrənmək, peşə sahibi olmaq mümkündür. Hər birimiz ali təhsil alacağıqsa, o zaman maşın ustası, dərzi və digər peşə sahibləri kimlər olacaq? Ali təhsili cəmiyyətimizdə hər yerə girə bilən əl, yaşıl işıq hesab edirlər. Hətta 5-ci qrup ixtisasını yedəkdə olan futbolçular kimi valideynlər ehtiyatda saxlayırlar. Öz istədikləri qrupa şagirdlər girə bilməsə, qabiliyyət imtahanlarından birini verib “təki universitet olsun”- deyərək sənəd verirlər. Valideynlər övladlarını güclə başqa ixtisasa yönləndirirlər. Nəticədə nə olur? Öz sənətini sevməyən gənclər ordusu yetişir. Bu baş verən intiharların səbəbi də məhz uşaqlar üzərində qurulan və onlara göstərilən təzyiqlərdən qaynaqlanır. Uşaqlara bütün hallarda yaxşı oxumağı və yaxşı mütəxəssis olmağı aşılamaq lazımdır. Yaxşı mütəxəssis tək ali savadla olmur. Peşə məktəblərində olduqca gözəl peşələr öyrədilir. Şagirdlər həmin peşələrdən birinə də yiyələnə bilər. Uşaqlar özünü məcbur hiss etməməli, “dünyanın sonudur” kimi gdüşünməməlidirlər. Qız uşaqlarına qarşı təzyiqlər daha çoxdur və mən bunu anlamıram. Deyək ki, oğlan uşaqlarının hərbi xidmətə getməməsi üçün məktəbi bitirdiyi il ali məktəbə qəbul olmalarını arzulayırlar. Bəs qızlara necə? 18 yaşında qız universitetə daxil ola bilmirsə niyə həyatına son verməlidir? Təbii ki, psixoloji gərginlik səbəbindən 7-8 il davamlı univesitetə sənəd verən gənc qızlarımız az deyil. Bu məsələdə valideynlərlə çalışmaq, onları maarifləndirmək daha faydalı olar deyə düşünürəm”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.
Xəyalə Rəis
Medianews.az