II Milli Yaylaq Festivalının keçiriləcəyi zaman və məkan bəlli olub. Belə ki, bu barədə Medianews.az-a məlumat verən “Milli Yaylaq Festivalı”nın ideya müəllifi və layihə rəhbəri Müzadil Həsənov bildirib ki, ilk festivalın keçirilməsindən 3 il sonra Gəncədən 22 km məsafədə Hacıkənd, Xan Yaylağında II festivalın keçirilməsi nəzərdə tutulur: “Milli Yaylaq Festivalının keçirilməsi ilkin olaraq iyul ayının son həftəsinə planlaşdırılır”.
Qeyd edək ki, “Milli Yaylaq Festivalı” “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü və bir neçə qurumun dəstəyi ilə ilk dəfə 2019-cu il 26-28 iyul tarixlərində Gədəbəyin Düzyurd-Miskinli yaylağında baş tutmuşdu.
Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə düzənlənən “I Milli Yaylaq Festivalı”na 3 gün ərzində 50000 nəfərdən artıq ziyarətçi, yüzlərlə yerli və 16 ölkədən 100-dən çox xarici iştirakçı qatılmışdır.
Hər il ənənəvi şəkildə keçirilməsi düşünülən festivalın 2020-2021-ci ilərdə keçirilməsi pandemiya səbəbilə mümkün olmadı.
Festivalın keçirildiyi “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış alaçıqları ilə yanaşı, cıdır meydanı, yaylaq bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvanlar meydanı, yaylaq süfrəsi, “Aşıq Ələsgər” ocağı, yaylaq bostanı və digər tematik sahələr yaradılmışdı.