“Ermənistan “sürüşkən xarici siyasət kursu”na vərdişli ölkədir. Rəsmi İrəvanın heç bir məsələ ilə bağlı konkret və dəqiq mövqeyi yoxdur. Ermənistan hər an öz mövqeyini dəyişməyə hazır olan, özünü dost göstərib, xəyanət etməyi bacaran nadir ölkələrdəndir. Ona görə də, rəsmi İrəvanın atdığı bütün addımlar həmin an üçün Ermənistanın maraqlarına uyğun olur”.
Bu fikirləri siyasi şərhçi Elçin Xalidbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan Ukraynanı dəstəkləmir. Əksinə, rəsmi İrəvan Rusiyanın Ukrayna savaşında qalib gəlməsinə daha çox üstünlük verir:
“Bunun bəzi səbəbləri mövcuddur. Birincisi, Ermənistan Ukraynanın Donbas bölgəsindəki separatçı qurumlar ilə “artsaxı” eyniləşdirməyə çalışır. Rəsmi İrəvan ümid edir ki, Rusiya Ukrayna savaşında qalıb gələrsə, Kreml Donbas separatçılarının müstəqilliyini tanıdığı kimi, guya eyni addımı “artsaxa” münasibətdə də ata bilər. Halbuki, Rusiyanın Azərbaycana qarşı belə bir addım atması hazırda qətiyyən inandırıcı görünmür.
Digər tərəfdən, Ermənistan Rusiyanın həm müttəfiqi, həm də regional for-postudur. Ona görə də, rəsmi İrəvan Ukrayna savaşına münasibətdə birmənalı şəkildə Rusiyanın yanında yer alır. İndi Donbas separatçılarına yardım göndərən rəsmi İrəvan hətta bir müddət öncə Ermənistanın dörd “Su 35m” tipli təyyarəsini pilotları ilə birlikdə Rusiyaya göndərmişdi. Və bu, qalmaqala səbəb olmuşdu.
Eyni zamanda, Ermənistan Rusiyanın təzyiqləri qarşısında olduqca davamsızdır”.
Siyasi şərhçinin sözlərinə görə, rəsmi İrəvan revanşist müxalifətin kütləvi etiraz aksiyaları fonunda Rusiyanın maraqlarına uyğun addımlar atmağa çalışır ki, Kreml Paşinyan hakimiyyətinin devrilməsinə dəstək verməsin:
“Nəhayət, onu da nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanın ən önəmli beynəlxalq himayədarıdır. Süni şəkildə yaradılmış erməni dövlətinin də müəllifi məhz Rusiya hesab olunur. Ona görə də, rəsmi İrəvana Rusiyanın Ukrayna savaşında mütləq qələbəsi daha çox lazımdır. Əgər, Rusiya Ukrayna savaşında məğlub olarsa, Kremlin Cənubi Qafqazda təsir gücü də zəifləyə bilər. Bu halda, Ermənistan Azərbaycan hərbi-siyasi və maliyyə-iqtisadi qüdrəti qarşısında təklənmiş duruma düşən bilər.
Ancaq Ermənistanın Rusiyaya xəyanət etməsi də qətiyyən gözlənilməz hadisə olmaz. Çünki, rəsmi İrəvan üçün vacib olan Ermənistanın daha güclü himayədara malik olmasıdır. Yəni, əgər, ABŞ və Qərb Ermənistana daha etibarlı himayə qarantiyası verərsə, rəsmi İrəvan tərəddüd etmədən Kremlə xəyanət edə bilər”.
Leyla
Medianews.az