Ramazan bayramı, bayram namazının qılınacağı günlə bağlı hər zaman fikir ayrılıqları ilə rastlaşırıq. Məsələn, bu il Azərbaycanda mayın 2-də Ramazan bayramı qeyd edilsə də, bəzi vətəndaşlar həmin günü oruc tutub, bayramı mayın 3-də qeyd etdilər.
Bu fərqlər nədən irəli gəlir? Bayramın namazı bütün müsəlmanlar tərəfindən eyni gündə qılınmalıdırmı?
Dini mövzular üzrə ixtisaslaşmış jurnalist, ekspert Kənan Rövşənoğlu Medianews.az saytına açıqlaması zamanı bildirib ki, təqvim məsələsi mürəkkəb məsələdir. Onun sözlərinə görə, burada Ayın Yerdən nə zaman və necə görünməsi məsələsi var.
“Burada həm şəriət, həm alimlərin görüşləri, həm də coğrafi fərqlər məsələsi var. Məsələn, Ay hansısa ölkədə görünə bilər, amma Azərbaycanda görünməyə bilər. Bu coğrafi məsələdir.
Digər bir məsələ isə odur ki, bu, ölkələrdəki alimlərə görə fərqlənir. Elə alim var ki, onun qərarı odur ki, Ay planetin hansı hissəsində görünməsindən asılı olmayaraq, Ramazan ayı başlaya və ya bitə bilər. Məsələn, bu cür qərar verirlər ki, Latın Amerikasında və ya Şimali Amerikada Ay görünürsə, Ramazan ayını qeyd etmək olar. Lakin elə ölkələr, müsəlman alimləri də var ki, onlar hesab edirlər ki, Ay mütləq bu ölkənin ərazisində görünməlidir.
Bunun ölkələrə, məzhəblərə görə fərqliliyi yoxdur. Bu sırf hökmlərdən, baxışlardan gəlir”.
Ekspertin sözlərinə görə, dünyanın bütün ölkələrindəki müsəlmanların eyni gündə bayram namazı qılınması kimi standart yoxdur və heç kim bunu tələb etmir.
“İslamın ilk illərində Məkkə və Mədinədə müsəlmanlar eyni gündə bayram etmiş ola bilərlər, amma nəzərə almaq lazımdır ki, indi planetin hər yerində müsəlmanlar yaşayır”.
Leyla
Medianews.az