Rusiya Ukraynanı işğalının 70-ci gününə qədəm qoyarkən döyüş xəttində yeni bir məsələ ortaya çıxıb.
Medianews.az xəbər verir ki, dünən axşam saatlarında Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparan Belarus prezidenti Aleksandr Lukaşenko orduya “Müharibəyə hazır olun” göstərişi verib.
Bildirilib ki, Lukaşenkonun əmri ilə Belarus silahlı qüvvələri bu gün qəfil təlimə başlayıb, qoşunlar isə döyüşə hazır olmaq və təyin olunmuş ərazilərə yürüş tapşırıqlarını yerinə yetirib.
Belarusun Müdafiə Nazirliyi silahlı qüvvələrinin qəfil təlimlərə başladığını açıqlayıb. Nazirlikdən verilən açıqlamada Belarus Silahlı Qüvvələrində hərbi hissə və bölmələrin döyüşə hazır olmaq, təyin olunmuş ərazilərə yürüş etmək kimi tapşırıqları yerinə yetirəcəyi bildirilib.
“Yoxlamanın məqsədi əsgərlərin mümkün böhrana operativ reaksiya vermək hazırlığını və qabiliyyətini qiymətləndirməkdir”, – deyə məlumatda bildirilib.
Daha sonra bildirilib ki, təftişdə iştirak edən qüvvələrin tərkibi mərhələli şəkildə artırılacaq ki, bu da onların həm quruda, həm də havada hərbi təhdidlərə qarşı davam gətirmə qabiliyyətini sınaqdan keçirməyə imkan verəcək.
Turan Oruc
Medianews.az