“Bu şəxlər ictimai qınağa səbəb olmalıdır”
Ötən gün Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə, əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib.
1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan istifadə edərək kənar yollarla dilənçilik etdiyini etiraf etməsi ilə bağlı yayılan video sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Medianews.az-a danışan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirdi ki, bu kimi hallar qazilərin cəmiyyətdəki nüfuzuna xələl gətirir:
“Əslində, biz dəfələrlə belə hallarla rastlaşmışıq. Təəssüflər olsun ki, cəmiyyətdə, bu kimi insanlar qazilərin adına ləkə gətirir. Uzun müddətdir ki, biz belə xoşagəlməyən məqamların şahidi oluruq. Ən təsirli məqamlardan biri də belə şəxslərin cəzalandırılmaması, polis bölməsində dindirildikdən sonra azadlığa buraxılmasıdır. O şəxslər də sabah gedib başqa bir küçədə duraraq yenə qazilərin adına ləkə gətirəcək. Belələri ictimai qınağa səbəb olmalıdır”.
R.Kərimoğlu saxta yollarla qazi sənədi hazırlatdıranları da qınadı: “Elə insanlar var ki, xəstəlik səbəbi başqa olsa da gedib saxta yollarla qazi sənədi hazırlatdırırlar. Özlərini Qarabağ əlili kimi təqdim edirlər. O insanlar efirə çıxıb nağıllar danışır. Onlarla da bağlı Qarabağ qaziləri ictimai birliyi hələ də mübarizə aparır. Təssüflər olsun ki, bu gün də belə hallar davam edir.
Videosu yayılan şəxs isə qaraçıdır, bizdə isə onlar dilənməyi peşə kimi qəbul edirlər. Biz bunu tənqid edirik, yolverilməz haldır”.
Medianews.az