Ramazan ayının son günlərində “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənlinin fitrə zəkatı ilə bağlı etdiyi paylaşım müzakirələrə səbəb olub.
Belə ki, o, sosial şəbəkə hesabında “fikrə zəkatınızı kart hesabımıza ödəyə bilərsiniz” başlığı ilə kart nömrələri paylaşıb.
Dini mövzular üzrə ixtisaslaşmış jurnalist, ekspert Kənan Rövşənoğlu məsələ ilə bağlı Medianews.az saytına açıqlaması zamanı bildirib ki, insanlar adətən yeni olan şeyləri qəbullanmaqda çətinlik çəkirlər. Amma kart məsələsi Azərbaycanda heç də yeni deyil:
“İllərdir ki, ölkəmizdə kart ödəmələrindən istifadə edilir. Dini qanunvericilik də bu yaxınlarda dəyişdi və orada ianələrin elektron formada, yəni kartla ödənilməsi məsələsi də bənd olaraq qanunda yerini aldı.
Fitrə zəkatı dində adi sədəqə kimi deyil. Onun öz şərtləri var. Bəzi insanlar bu şərtlərə uyğun insanı tapa bilmirlər və məscidə etibar edirlər. Bu, dindarla məscid arasında olan məsələdir. İnsan özü məscidə edibar edir. Onu kimsə buna məcbur etmir. Hacı Şahin də bu məsələ ilə bağlı öz müraciətində bildirib ki, məscidlərə müraciətlər olunur ki, “biz fitrəni kimə verək bilmirik”. Əslində elə məscidin işi odur ki, dini məsələlərdə, çətinlik yaradan mövzularda insanlara köməklik etsin”.
Kənan Rövşənoğlunun sözlərinə görə, dindar insanlar fitrə zəkatının kartla və ya nəğd ödənilməsi kimi məsələləri müzakirə etmirlər. Bu daha çox fitrə zəkatı verməyən, dindar olmayan insanlar üçün qəribə gəlir və müzakirə edilir.
“Lakin bu nə müzakirə, nə də mübahisə mövzusu deyil. Bu məscidlə dindar arasında olan etimad məsələsidir”,- deyə ekspert bildirib.
Leyla
Medianews.az