Son vaxtlar ölkə ərazisində internetlə bağlı problemlər çoxluq təşkil edir. Ümumi internetin zəif olması tək paytaxtda deyil, həmçinin kəndlərdə daha çox müşahidə olunur.
İT mütəxəssisi Səkinə İlqarqızı Medienews.az saytına açıqlaması zamanı bildirib ki, nəzərə almaq lazımdır ki, statistikaya əsasən əhalinin 50%-i kəndlərdə yaşayır.
Onun sözlərinə görə, Bakının kəndləri ilə bağlı “Baktelecom” bir layihə həyata keçirib, ancaq bu layihə uğursuz olub, vətəndaşlar sürətli internet imkanlarından faydalana bilməyiblər:
“Regionlarda bu problemlər daha acınacaqlıdır və dövlət proqramları həyata keçirilmir. Üstəgəl provayder seçimi çoxluq təşkil etsə də, keyfiyyət elədə ürəkaçan deyil. Kiçik bir araşdırma etdim və ayrı-ayrı provayder işlədən vətəndaşlar arasında sorğu keçirdim. Nəticə isə belə oldu:- “İnternetdən narazıyam “download” və “upload” çox zəifdi. Provayderlər işini elə qurmalıdır ki, müştəri müqavilədə göstərilən sürəti ala bilsin. İnternetdə yüklənmənin olub-olmamasının müştəriyə heç bir aidiyyəti yoxdur.
İstər Bakı, istərsə də regionların kəndlərində fiber optik şəbəkə yoxdur. Bəzən sakinlər özləri öz aralarında yığışaraq fiber optik şəbəkəni çəkdirməli olurlar. Bu isə heç də ucuz başa gəlmir və ərazidə hər hansı qonşu buna razı olmursa, artıq diğər vətəndaşlar da çıxılmaz vəziyyətdə qalırlar”.
Mütəxəssis bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi regionlarda, kəndlərdə fiber optik internetin inkişafı ilə bağlı ciddi tədbirlər almalı və provayderlərin “söz oyunlarına” bir son qoymalıdır:
“Dövlət proqramı hazırlanmalıdır. Bütün maraqlı tərəflər, bacarıqlı İT mütəxəssisləri və uğurlu layihə təqdim edən şirkətlər bu işə cəlb olunmalıdırlar.
İstər paytaxtımızda, istər rayonlarımızda vətəndaşlar yüksək sürətli internetdən yararlanmalıdırlar”.
Leyla
Medianews.az