Rusiya-Ukrayna müharibəsi 66-cı günündə döyüşlər aramsız davam edərkən, Putin ordusu işğal zamanı ilk dəfə olaraq ən müasir silahlardan istifadə etməyə başlayıb.
“Sıçrayan bomba” olaraq xarakterizə edilən ağıllı uçan tank əleyhinə mina PTKM-1R, Ukrayna tanklarına döyüş bölgəsində şans tanımır. Mina PTKM-1R özünü 30 metr yüksəkliyə ataraq tankları havadan zərərsizləşdirən silahlarla təchiz edilib. Bu silah ona yaxınlaşan avtomobillərin səsini tanıya bilən sensorlarla təchiz edilib.
Rusiyanın yeni ortaya çıxardığı “sıçrayan bomba” kimi təsvir edilən ağıllı mina Ukrayna müharibəsində ilk dəfədir ki, istifadə olunur. Hədəfi yerdə skan etmək xüsusiyyətinə malik olan mina yaxınlaşan avtomobillərin səslərini tanıyan və bu səsləri yaddaşındakı hədəflərin siyahısı ilə müqayisə edən sensorlarla təchiz edilib. Beləliklə, mülki hədəflərlə qarşılaşdıqda aktivləşmir. Mina 100 metr aralıda zirehli maşını aşkarlaya və hücum marşrutunu hesablaya bilir. Hədəf kifayət qədər yaxınlaşdıqda, mina havaya qalxır və bir neçə saniyə ərzində tankı zərərsizləşdirir.
Britaniyanın “Daily Telegraph” qəzetinə danışan ekspertlər, ilk dəfə Ukrayna müharibəsində görülən PTKM-1R-nin texniki xüsusiyyətləri ilə ABŞ-ın geniş ərazidə istifadə üçün istehsal etdiyi M93 Hornet minasına bənzədiyini bildiriblər.
Hərbi ekspertlər qeyd edirlər ki, zirehli texnikanın texnologiyası təkmilləşdikcə və tanklar möhkəmləndikcə, tank əleyhinə silah sistemləri də təkmilləşdirilir. Tanklar Ukrayna müharibəsində göründüyü kimi hava hücumlarına qarşı daha zəifdir.
Turan Oruc
Medianews.az