Rusiyada kinoteatrların yarısı repertuar çatışmazlığı səbəbindən bağlana bilər.
“Gazeta.ru”ya istinadən xəbər veririk ki, Kino Sahibləri Assosiasiyası Rusiyada film nümayişi bazarındakı vəziyyətlə bağlı açıqlamasında azalma müşahidə olunduğunu söyləyib.
Açıqlamaya görə, COVID-19 pandemiyası zamanı bazar ödənişləri üzrə 26,6%, ziyarətçilərin sayı isə 33,6% azalıb.
Lakin son aylarda baş verən hadisələr, assosiasiyanın dediyi kimi, “Rusiyanın film prokat sənayesini kəskin şəkildə dəyişdi”.
Mart ayında 2019-cu ilin mart ayı ilə müqayisədə bazar azalması müvafiq olaraq 54% və 59% təşkil edib. 2022-ci il aprelin ortalarında ölkədəki kinoteatrların 36,4%-i artıq bağlanıb.
“Yaxın 2 ayda kritik repertuar çatışmazlığı kino gəlirlərinin 80%-dən çox azalmasına və kinozalların ən azı 50%-nin bağlanmasına gətirib çıxaracaq” deyə assosiasiya yekunlaşdırıb. Həmçinin vurğulanıb ki, yüksək keyfiyyətli kinonun yaradılmasının təminatçısı məhz kinoteatrlardır.