Bir neçə gündən sonra Ramazan ayı bitir. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirir, fitrə sədəqəsi verirlər.
Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Surxay Məmmədli açıqlama verərək bildirib ki, fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşı 10-15 manat həcmində müəyyənləşdirib.
Bəs fitrə zəkatı kimlərə verilməlidir?
İlahiyyatçı Ağa Hacıbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib ki, fitrə Ramazan ayının son günü, bayramdan öncə verilən vergi, ibadətdir. Onun sözlərinə görə, fitrəni zəngin insanlar fəqir adamlara verirlər.
“83 qram qızılı olan insan zəngin sayılır.
Fitrə sədəqəsi ilə bağlı sevgili peyğəmbərimiz deyir ki, “tutduğunuz oruc səmadan asılı vəziyyətdədir. Siz fitrə sədəqəsini verməklə, onun Allah qatında qəbul olunmasına şərait yaradırsınız”.
İlahiyyatçının sözlərinə görə, minimum hədd ölkəmizdə 10-15 manat təyin olunub. Amma bu o demək deyil ki, imkanı olan insanlar 10 manat versinlər.
“Bunun məbləğini yüksəltmək lazımdır. Elə etmək lazımdır ki, fitqə sədəqəsi verdiyimiz ailənin bütün ehtiyacları ortadan qaldırılsın və imkan varsa, o insan da gələn il zəngin adam olsun, cəmiyyətdən asılı vəziyyətdə qalmasın, güclü insana çevrilsin. İslamdakı sədəqələrin, yardımların, zəkatların, ehsanların hədəfi cəmiyyətdəki insanları daha da aktivləşdirmək, zəngin hala gətirmək, hamının ruh və maddi halını yaxşılaşdırmaqdır”.
Leyla
Medianews.az