Rusiya-Ukrayna müharibəsinin 9-cu həftəsi sona yaxınlaşarkən, Moskvanın çoxlu itki verdiyi iddiaları gündəmdədir.
Medianews.az-ın xəbərinə görə, Rusiya liderinin Ukraynaya müdaxiləsinin 20 mindən çox əsgərin həyatına son qoyduğu təxmin edilir.
Ukraynanın Rusiyaya qarşı uğurunda böyük təsirə malik olduğunu bildirən ABŞ casusları, Rusiyanın hərəkətləri ilə bağlı ətraflı məlumat verərək, Ukraynaya Putinin 8 generalı, 36 polkovniki və 300 zabitinin öldürülməsinə kömək etdiklərini iddia ediblər.
ABŞ rəsmiləri NBC News-a bildiriblər ki, ABŞ kəşfiyyatı Ukraynanın Putin qüvvələrini hədəfə ala bilməsinin səbəblərindən biridir. Rəsmilər ABŞ-ın Rusiyanın planları, yeri və vaxtı ilə bağlı Ukraynaya çoxlu məlumatlar çatdırdığını və bu məlumatların müharibənin gedişinə böyük təsir göstərdiyini bildirib.
Əvvəldən Ukrayna ilə həm strateji, həm də hərəkətə keçə bilən kəşfiyyat məlumatlarını paylaşdıqlarını ifadə edən ABŞ rəsmisi, “Həm taktiki, həm də strateji müstəvidə təsirli oldu. Bunun böyük bir fərq yaratdığını söyləmək üçün kifayət qədər aydın sübutlarımız var”,-deyə bildirib.
Keçmiş yüksək rütbəli kəşfiyyat rəsmisi NBC-yə bunları deyib: “Biz Rusiya qüvvələrinin konkret hədəfə alınması üçün istifadə oluna biləcək çoxlu görüntülər paylaşdıq. Buraya kommersiya peyk çəkilişləri və ya müəyyən Rusiya bölmələrinin harada fəaliyyət göstərdiyinə dair bir çox digər kəşfiyyat məlumatları da daxil idi”.
Rəsmilər əlavə edib ki, Ukrayna qırıcıları ABŞ-ın paylaşdığı koordinatlardan istifadə edərək Kiyevdən 30 mil kənarda Hostomel hava limanına gedən Rusiya nəqliyyat təyyarəsinə hücum edə bilib. Bu zərbə Kiyevin azad edilməsi üçün çox vacib idi, çünki Putinin qoşunlarını zəiflətdi və onları avtomobil yolundan istifadə etməyə məcbur etdi.
Başqa bir məumata görə, MKİ Ukrayna prezidenti Vladimir Zelenskini qorumaq üçün kəşfiyyat məlumatları toplayır və onun necə yaxşı və təhlükəsiz hərəkət edə biləcəyi ilə bağlı Ukrayna ilə məsləhətləşir.
Turan Oruc
Medianews.az