“Valideynlərin məktəblərə könüllü şəkildə ianə verməsi ilə bağlı bir neçə model təqdim olunub”.
Bunu təhsil naziri Emin Əmrullayev ASAN Radionun “QəbuldASAN” verilişində deyib.
Onun sözlərinə görə, yeni tədris ilindən pilot şəkildə tətbiqi planlaşdırılır: “Məktəblər bu işə könüllü qoşula bilər. İnsanlar bunu faydasız hesab etsə, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir. Qanunvericiliyimiz də bildirir ki, məktəb hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Yəni məktəb daxilində ödənişli xidmətlər ola bilər. Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanuna ziddir. Dövlət hər bir məktəbdə hər arzunu reallaşdıra bilməz. Müəyyən işlər üçün məktəbə könüllü ianə mümkündür”.
Təhsil eksperti Elşən Qafarov Medianews.az saytına açıqlama verərək, məsələyə münasibət bildirib. Onun sözlərinə görə, dünya praktikasında valideynlə məktəb arasında əməkdaşlıq mövcuddur və sırf qanunvericilik əsasında tənzimlənir. Əsasən də məktəb şuralarının mövcud olduğu ölkələrdə bu əlaqələr daha uyğundur.
“Məktəb Şurası valideynlərin, müəllimlərin, yuxarı sinif şagirdlərinin, məktəb işçilərinin, məktəbin yerləşdiyi ərazinin icma nümayəndələrinin, yerli özünü idarəetmə orqanlarının, yəni bələdiyyələrin, yerli icra hakimiyyəti orqanlarının və eləcə də təhsili idarəetmə orqanlarının, ərazidə fəaliyyət göstərən QHT-lərin, ictimai birliklərin nümayəndələrinin də iştirakı ilə 2-3 ildən bir ümumi konfrasnsı keçirir. Məktəb Şurasında daimi fəaliyyət göstərən tək sayda (5,7,9,11,13 ) idarəetmə şurası keçilir və o, ictimai əsaslarla fəaliyyət göstərir. Fəaliyətin isə iki əsas istiqaməti var. Birincisi, məktəbin maliyyə, təsərrüfat işinin qurulmasında, idarə edilməsində məktəb rəhbərliyinə yardım etməkdir. İkincisi isə dövlət ictimai idarəetmənin həyata keçirilməsidir.
Dövlət ictimai idarəetmə dedikdə nə nəzərdə tutulur?
Məsələn, bütün təhsil müəssisələrinin rəhbərlərini Təhsil Nazirliyi təyin edir. Nazirlik imtahan keçirdir, uğurla keçənləri əlavə təhsilə cəlb edir və sonda onlara 3-5 il müddətinə sertifikat, lisensiya verir. Lisenziyanı əldə etmiş şəxs hansı ərazidə yaşayırsa, həmin ərazinin yerli icra hakimiyyəti orqanının təhsil departamentinə müraciət edir. Həmin ərazidə vakant yer olduğu zaman təhsil departamenti İdarəetmə Şurasına təqdimat yazır ki, “filankəsin sizin məktəbdə direktor işləməsinə münasibət bildirmənizi xahiş edirik”. İdarəetmə Şurası isə təqdim edilən şəxsi uyğun bilirsə, razılıq bildirir və beləliklə həmin şəxs direktor və ya direktor müavini təyin olunur. Bu, İdarəetmə şurasının dövlət ictimai idarətetmə formasında iştirakıdır.
Maliyyə təsərrüfat sahəsində köməyi nədən ibarətdir?
Deyək ki, müxtəlif tədbirlər keçirilir. Bütün bu tədbirlərdə ərazidəki iş adamlarına, valideynlərə biletlər satılır. Bu zaman həmin toplanmış vəsaitin xərclənməsi, məktəb rəhbərliyə lazım olan istənilən maddi, texniki baza ilə bağlı İidarəetmə Şurasına təqdimat yazılır və şura lazım olan avadanlıqları həmin vəsaitdən alaraq, məktəbin təsərrüfat sahəsinin möhkəmlənməsində köməklik göstərir”.
Ekspert bildirir ki, bunun üçün Azərbaycanda valideynlərin hərhansı bir halda məktəbə kömək göstərməsi üçün ilk növbədə məktəblərin bank hesabları olmalıdır.
“Təhsil qanununun 14-cü maddəsində göstərilir ki, təhsil müəssisələri hüquqi şəxsidir və onların banklarda hesabları olmalıdır. Bizdə isə internat tipli ümumtəhsil müəsssisələrini çıxmaq şərti ilə ümumtəhsil məktəblərimizin bank hesabları yoxdur. Hazıra regional təhsil idarələrinin yaradılması ilə başlayan təhsil islahatlarında ümumtəhsil müəssisələrinin publik hüquqi şəxs olacağı ilə bağlı fikirlər səslənir və təhsil nazirinin də çıxışında “sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər” ifadəsi məhz bu nəzərdə tutulur.
Hazırkı vəziyyətdə müəlimlərin məktəbə ianələr və könüllü yardımları etməsi üçün hüquqi mexanizm yoxdur. Bunun üçün ilk növbədə məktəblər publik hüquqi şəxs olmalı, məktəblərin bank hesabları yaradılmalı, ianə və yardımlar nağdsız, könüllü şəkildə aparılmalıdır”.
Ekspert bildirir ki, digər bir məsələ isə odur ki, bunun üçün bizdə mühit yoxdur. Yəni valideynin məktəbə inamı, etibarı yoxdur.
“Əgər dövlət standarlarına uyğun olaraq təhsil keçirilərsə, valideyn hər ay uşağına görə müdcəsindən kölgə təhsilinə pul xərcləməzsə, bu zaman məktəbə könüllü yardım edər.
Bu gün məktəblə valideyn arasında böyük bir uçurum yaranıb. Düşünürəm ki, indiki vəziyyətdə təhsilin keyfiyyətini artırmaq lazımdır. Məktəbə inam, etimadı bərpa etmək lazımdır”.
Leyla
Medianews.az