Razaman ayının bitməsinə və bayrama sayılı günlər qalıb. Bununla bağlı bölgələrdə yerləşən bəzi istirahət məkanları, otellər ilə əlaqə saxladıq. Məlum oldu ki, artıq ayın ortasından bir çox istirahət məkanlarında boş yerlər bitib.
İslam bayramı əslində necə qeyd edilməlidir? Dini bayramları otellərdə, istirahət məkanlarında qeyd etmək doğru hesab olunurmu?
İlahiyyatçı Ağa Hacıbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib ki, İslamın bayram anlayışı dünyəvi bayramlardan çox fərqlənir.
“İslam dininin önəmli iki bayramının hər birinin təməlində oruc deyilən bir ibadət var. Hər iki bayramın hədəf və qayəsi əslində cəmiyyətdəki fəqir-füqəranın, miskin insanların könlündə taxt qurmaqla gerçəkləşir. İslam dinin bayramı hərhansısa bir restoranlarda, məkanlarda, təmtəraqlı məclislərdə deyil, tam əksinə daha ehtiyaclı insanları sevindirməklə gerçəkləşir. Hətta fitrə sədəqəsi ona görə verilir ki, həmin bayram günündə namaza gedən insan nə qədər sevinəcəksə, o fəqir insanı da o qədər sevinsin, onunda evində, süfrəsində bir tikə çörəyi olsun.
“İmkanım var, ora-burda gedib yeyib-içim, amma mənim millətimin insanı yoxluq, qıtlıq içərisində iztirab çəksin” düşüncəsi yalnışdır. Belə bir bayram Allah qatında bayram sayılmaz. Çünki peyğəmbərimizin vaxtında bayramlarda insanlar gözəl qüsul verərdilər, məscidlərə gedərdilər, allahın rəsulu nə yeyərdisə, ondan yeyərdilər. Unutmayaq ki, belə bir cəmiyyəti Allah həmişə nəzərində saxlayır”.
İlahiyyatçının sözlərinə görə, təbəqələşmə getməməli, bayram günü təbəqələr arasında körpülər qurulmalıdır.
“Zəngin insanlar daha çox sədəqədlərini artırmalıdırlar ki, cəmiyyət içərisində ümumiyyətlə imkansız insan qalmasın.
Bu gün insanlarımız otelləri deyil, şəhidlərimizin, qazilərimizin evlərini seçsinlər. Ayağı olmayan qazilərin ayağı, gözü olmayanların gözü olsunlar. Tövsiyyə edərdim ki, bu insanların könlündə yer tutsunlar. Beləliklə Allah da onlardan razı olsun, mallarına da bərəkət versin”.
Leyla
Medianews.az