Bu gün Qaynarinfo.Az – Milli Xəbər Portalının 15yaşı tamam olur. Bu sayt 2007-ci ilin 25 aprelində fəaliyyətə başlayıb. Hazırda sayt ölkənin ən çox oxunan internet media orqanlarından biridir. Hər gün 10 minlərlə internet istifadəçisi Qaynarinfo.Az-ı ziyarət edərək, Azərbaycanda və dünyada baş verən hadisələrdən xəbər tutur.
Saytın təsisçisi və Baş redaktoru Zahir Əzəmət bizimlə söhbətində 15 il əvvəl Qaynarinfo.az-ı yaradanda hələ Azərbaycan mediasında ənənəvi media- qəzetlərin lider olduğunu bildirdi: “Biz də o zamanlar həftəlik qəzet nəşr edirdik. İnternetin getdikcə yayılması ilə hadisələrə, gündəmə daha çevik və anında reaksiya vermək zərurəti yaranırdı. O zaman bir neçə agentlik və qəzet saytları vardı. Onlar da bugünki çevikliklə fəaliyyət göstərmirdilər. Nəticədə bir neçə gəncin təşəbbüskarlığı ilə 2007-ci ildə Qaynarinfo.az-ı yaratdıq. Beləliklə, Azərbaycanda ənənəvi mediadan onlayn mediaya keçidin pionerlərindən olduq. Sonralar çoxsaylı saytlar yarandı, onlardan bəziləri indi də uğurla fəaliyyət göstərir. Amma Qaynarinfo.az bu rəqabətdən üzüağ çıxdı. Bu gün qürurla deyə bilərəm ki, Qaynarinfo.az ən uzunömürlü azərbaycandilli xəbər saytıdır. 15 il ərzində Qaynarinfo.az hər gün onminlərlə oxucunun etimad göstərdiyi, müraciət etdiyi bir ünvana çevrilə bilib. Buna rəğmən, biz heç vaxt İP yarışlarına girmədik. İntihar, insest, sıradan kriminal, məişət insidentləri ilə bağlı xəbərlər verməkdən imtina etsək də, auditoriyamız nəinki kiçilmədi, əksinə daha da artdı. Gələcək üçün yeni hədəflərimiz var. 5 illik strateji planımız var. Onun ilk ili- hazırlıq mərhələsi artıq arxada qaldı. Bu gün- 25 apreldə artıq Qaynarinfo.az-ın başdan-ayağa yenilənmiş yeni platformanı istifadəyə veririk. Bununla da Azərbaycanda və regionda rəqəmsal mediaya ilk keçid edən media oluruq. Sayt yeni rəqəmsal texnologiyalar, yanaşmalar hesabına öz oxucusuna, onun maraqlarına daha yaxın olacaq”.
Z.Əzəmətdən saytın qarşıya qoyduğu hədəfləri xəbər aldıqda isə qeyd etdi ki, yeni dəyər və fəaliyyət prinsiplərini ehtiva edən geniş Media Kodeksi hazırlanıb: “Keyfiyyət standartlarımızı maksimum qaldırmağı hədəfləmişik. Son bir ildə uğurlu kadrlar transfer etmişik, kollektivimizi 3 dəfədən çox böyütmüşük. Bir sözlə, tam fərqli bir mərhələ başlayır. Həm bizim üçün, həm oxucu üçün. Bütün yeni ideyalarda olduğu kimi, bu dəfə də çətinliklər olacaq, amma əminik ki, bacaracağıq. Çünki Azərbaycan oxucusu ən yaxşısına layiqdir!”.
Biz də həmkarlarımızı Medianews.az kollektivi adından təbrik edirik.
Medianews.az