“Medianews.az” saytının redaksiyasında Medianın İnkişafı Agentliyinin (MEDİA) media subyektlərinin rəhbərlərinə göndərdiyi “Redaksiya siyasəti və peşə etikası qaydaları” məktubu müzakirə edilib.
“Medianews.az” saytının baş redaktoru Xəyalə Rəis redaksiyanın mövcud siyasətilə səsləşən məktubdakı müddəaları bir daha diqqətə çatdırmaqla peşə etikası qaydalarına ciddi əməl olunması tapşırığını verib.
X. Rəis söhbət zamanı qeyd edib ki, dünyanın aparıcı media qurumları redaksiya siyasətini müəyyənləşdirən, etik norma, davranış/rəftar qaydalarını özündə ehtiva edən kodekslərə malikdir. Bu kodekslər media qurumunun missiyasını, ictimai məqsədlərini, fəaliyyətində söykəndiyi və rəhbər tutduğu dəyərləri, standartları, prinsipləri ictimaiyyət üçün aydınlaşdırır.
O, həmçinin də əlavə edib ki, “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsində ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi yer alıb.