Rusiya ordusu Mariupolu ələ keçirdiyini elan etdikdən sonra ABŞ Ukraynaya 800 milyon dolları hərbi yardım olmaqla toplam 1,3 milyard dollarlıq yardım paketi göndərəcəyini açıqlayıb.
Medianews.az xəbər verir ki, sözügedən hərbi yardıma ağır silahlar, döyüş sursatları və pilotsuz təyyarələr daxil olacaq.
Digər tərəfdən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Co Bayden Mariupolun Rusiyayanın nəzarətinə keçməsinə dair heç bir dəlil olmadığını bildirib.
“Gələn həftə mən Konqresdən Ukrayna üçün əlavə büdcə tələb edəcəyəm”, – deyə Co Bayden deyib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin 57-ci gününə girən Rusiyanın müdafiə naziri Sergey Şoyqu bir müddətdir mühasirədə olan Mariupol şəhərinin bu gün səhər saatlarında ələ keçirildiyini açıqlayıb.
Yeni qərarlara əsasən, ukraynalılar sığınacaq üçün birbaşa Avropadan ABŞ-a gələ biləcəklər. Rusiya bayrağı olan gəmilər isə ABŞ limanlarına daxil ola bilməyəcək.
Co Bayden jurnalistlərin suallarını cavablandıran zaman Mariupolun ələ keçirilməsi ilə bağlı qaranlıq məqamların olduğunu vurğulayıb: “Mariupolun ələ keçirilməsinə dair heç bir dəlil yoxdur. Rusiyanın həqiqətən də Mariupola nəzarət edib-etmədiyini bilmirik. Bizim bildiyimiz odur ki, günahsız insanların buradan qaçmasına icazə verilmir. Hələlik Mariupolun işğalına dair heç bir sübut yoxdur”.
Turan Oruc
Medianews.az