Xalq artisti Naibə Allahverdiyevanın “Yeni Sabah”a müsahibəsi:
– Naibə xanım, bir neçə gün əvvəl Azərbaycan Respublikası Audiovizual Şurası televiziya yayımçılarına efirdə son vaxtlar tez-tez yayımlanan dava və təhqirlərə görə xəbərdarlıq edib. Siz yerli telekanalların vəziyyəti barədə nə düşünürsünüz?
– Sözün açığı, efirdə bu cür məişət mövzularının müzakirə olunmasını yaxşı hal hesab etmirəm. Çünki biz televiziyalardan hər şeyi öyrənirik. Televiziya çox güclü təbliğ vasitəsidir. Telekanallar qədər güclü ikinci bir təbliğ vasitəsi yoxdur. Bilirisiniz, ailə bir sirrdir, onun sirri evdən bayıra çıxmamalıdır.
– Bəziləri iddia edir ki, həmin verilişlərə çıxdıqdan sonra ailə problemləri həll olur…
– Onlar gəlib bütün həyatlarını canlı efirdə danışırlar, hə noolsun? Guya bu zaman onlara nə xeyir dəyir? Sadəcə olaraq camaatın içində biabır olurlar. Hər kəs çıxıb efirdə ailəsinin içində baş verən pis hadisələri danışır. Mənə elə gəlir ki, bu insanlara, cəmiyyətə pis örnək olur.
– Bunu bütün sosial verilişlərə aid etmək olar? Onlar nə üçün bunu edirlər?
– Yox, bəzən həmin verilişlərdə xəstələrə, yardıma ehtiyacı olanlara köməklik göstərilir. Bu çox gözəl bir şeydir. Amma mənfi hallar da yaşanır. Mən düşünürəm ki, onlar bunu etməyə məcburdurlar, reytinq xətrinə edirlər. Elə telekanallarımız var ki, orada bu cür məişət mövzulu verilişlərə rast gəlmək olmur. Mədəniyyətə aid, maarifləndirici proqramlar efirə gedir, amma belə verilişlər də reytinq yığmır, baxılmır.
– Onda belə çıxır ki, günah həm də izləyicilərdədir…
– Haradasa, bəli. İzləyicilər həmin verilişlərə o reytinqi verməsələr, baxmasalar, heç o cür verilişlər də olmaz. Baxın, sosial şəbəkələrdə də bu belədir. Mən özümdən misal çəkəcəyəm, hər hansı şəhidin, yaxud qazinin şəklini paylaşıram, görürəm ki, bəyənmələr çox az gəlir. Şoka düşürəm ki, bu necə ola bilər, axı mən şəhidimizin şəklini paylaşmışam. Bu tip paylaşımlara baxan yoxdur. Bilirsiniz, qıraqdan hamı danışır ki, bu pisdir, belədir, elədir, amma özləri baxırlar. İnsanlar özləri bunu istəyir. Bütün günahı telekanalların, həmin verilişləri hazırlayanların üstünə atmaq lazım deyil. Bunu izləyicilər edir. Özəl telekanallar da bunu sponsora görə edirlər, onlar sponsorlardan asılıdır. Sponsor hansı verilişin reytinqi çoxdursa, ona tərəf yönəlir. Onlar ciddi, maarifləndirici verilişlərə sponsorluq etmirlər. Telekanallar da əlacsız qalırlar və bu yola əl atırlar. Bu gün teatr haqqında, incəsənət haqqında “Mədəniyyət” və “AzTV”-dən başqa heç bir kanal proqramlar hazırlamır.
– Bəs siz efirlərdə incəsənətdən danışırsınızmı?
– Məni efirə çağırırlar, o saat başlayırlar özəl həyatımdan suallar verməyə. Əvvəlcədən verilişlərə deyirəm ki, şəxsi həyatla bağlı suallar verməyin. Hətta neçəsi olub ki, əvvəlcədən deyiblər teatrla bağlı danışacağıq, amma efirdə şəxsi həyatımla bağlı suallar veriblər. Belə şeylər çox başıma gəlib, hətta canlı yayımda da olub. Maqazin verilişləri olub, mən telekanaldan dalaşıb çıxmışam ki, bu nədir, məni aldadıb çağırmısınız, qalmaqallı suallar verirsiniz. Bir çox şou verilişi olub ki, dəvətdən imtina etmişəm. Onlar da mənə deyir ki, Naibə xanım, nə edək, teatrdan danışanda reytinq vermir. Onlar da buna məcburdurlar. Qalmaqallı müğənnilərə daha çox baxış gəlir, sosial şəbəkədə hər hansı incəsənət xadimini, teatrla bağlı maarifləndirici bir şey paylaşırsan baxan olmur. Rəssam öz sənət əsərlərini paylaşır, heç baxan yoxdur.
– Naibə xanım, bəs bu mövzuda televiziyanın heç bir təqsiri yoxdur?
– Televiziyanın bir günahı var ki, gərək əvvəldən bu şeylər olmayaydı. Onlar insanları buna öyrətdilər. İndi də qabağını ala bilmirlər. Kiminsə çıxıb efirdə şəxsi həyatını müzakirə etmək, xanımı barədə danışmasını düzgün hesab etmirəm. Biz əvvəllər “qadın xəyanəti” ifadəsini eşitmirdik. Olsa da bu gizlin idi. Bilirsiniz, hər şeyi bu qədər açıb-ağartmaq lazım deyil. Bu pis şeydir, şəxsən mənə xoş deyil. Sənin ailəndə nə baş verirsə, bu ailənin içində qalmalıdır.
– Hansısa şəxs, sizcə, bunu niyə milyonların içində deyir?
– Bilirsiniz, bəlkə də bu ondan irəli gəlir ki, insanlar bəzən gedib hüquq-mühafizə orqanlarına şikayət edirlər, amma faydası olmur. Onlar da efirə çıxıb öz haqqlarını orada tapmaq istəyirlər. Halbuki bunu edən dövlət qurumları var, onlar bu problemin üstündə işləməlidirlər. İnsanlar şikayət edirsə, həmin qurumların vəzifəsidir ki, sözügedən işə baxsın. Axı onlar dövlətdən buna görə maaş alırlar. Hər kəs öz işində normal işləməlidir. Əgər dövlət sənə etibar edibsə, etimad göstərib hansısa vəzifəyə təyin edibsə, deməli, öz vəzifə borcunu yerinə yetirməlisən. Məsələlər o qədər dolaşıqdır ki… Ona görə mən həmin verilişi təşkil edəni də, aparıcıları da, ora gələn insanları da qınamıram. İnsanlar haradasa öz dərdlərinə nicat axtarırlar. Bunu başqa yerdə həll etmək olar. Demək ki, həll edilmir, ona görə insanlar efirlərə üz tuturlar. Yenə deyirəm, efirdə xəstə, köməyi ehtiyacı olanlara yardımlar edilməsi çox yaxşıdır, mən bunu alqışlayıram. Görün nə qədər insanlar həmin verilişlər sayəsində şəfa tapıblar, onlara əl tutulub. Amma kiminsə ailə problemi o cür biabırçı şəkildə göstərilməməlidir. O cür davaları, qırğınları, təhqirləri bizim xalqımıza heç cür yaraşdıra bilmirəm.