“Fransada dövlət başçılarının seçimi xalq tərəfindən həyata keçirilir. Erməni lobbisinin bu məsələdə gücü keçərli deyil. Mənə elə gəlir ki, sadəcə olaraq erməni lobbisi hansısa zəif namizədi öz şoularında istifadə edirlər. Qarabağa, İrəvana aparmaqla öz “güclərini” nümayiş etdirməyə çalışırlar. Amma erməni lobbisi ciddi şəkildə nələrəsə nail olmaq imkanlarına malik deyil”.
Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Fransadakı erməni lobbisinin növbəti dəfə seçki şousunda fiaskosunun səbəblərindən danışarkən deyib. Millət vəkili bildirib ki, erməni lobbisi daha çox rüşvət və korrupsiyaya qurşanmış siyasətçiləri öz tələlərinə salmaqda mahirdirlər:
“Erməni lobbisi Fransada böyük imkanlara malikdir. Zəngindirlər və sayları da çoxdur. Onlar yerli seçimlərdə, parlament seçkilərində korrupsiyaya qurşanmış siyasətçiləri ələ ala bilirlər. Daha sonra onlardan öz məqsədləri üçün istifadə edirlər. Məsələn, Marsel şəhərinin meri ermənidir. Bu onu göstərir ki, orada toplanmış böyük erməni icması bu cür “uğurlara” nail ola bilirlər. Parlamentdə korrupsiyaya qurşanmış siyasətçilərdən öz təbliğatları, çirkin məqsədləri üçün istifadə edirlər”.