Əslən azərbaycanlı olan məşhur videobloger Hüseyn Həsənov dünən Bakıda fanatları ilə görüşüb. Görüşdə izdiham yaşanıb və bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.
Psixoloq Fərqanə Mehmanqızı məsələ ilə bağlı Medianews.az saytına açıqlaması zamanı bildirib ki, dünənki məsələdə insanlar iki yerə bölünürdü.
Bir həmin görüşə gedən yeniyetmələr, bir də həmin yeniyetmələri qınaq obyektinə çevirən yetişkin insanlar:
“Məni məyus edən 16-17 yaşlı bir qrup uşağın etdiklərini Azərbaycan gəncliyinin adına yazmalarıdır. Biz şərq xalqıyıq, emosionalıq. Bizdə həmrəylik psixologiyası çox inşikaf edib. Məsələn, metrodan çıxın və yuxarıya baxa-baxa qaçın. Görəcəksiniz ki, insanlar da yuxarıya baxaraq sizin kimi qaçmağa başlayacaqlar. Bu həmrəylik psixologiyasıdır.
Unutmaq olmaz ki, iki il bundan qabaq Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad etdi. Bu yolda savaşdı, canından keçdi, yarımcan oldu. Bu gün müəyyən bir kütləyə görə bu gəncliyi hədəfə almaq olmaz.
Biz dünənə qədər qonşunun uşağını nümunə gətirdiyimiz yeniyetmələrdən nə gözləyirik? Biz onlarda başqasından nümunə götürməyin təməlini qoymuşuq. Bu gün də nromal olaraq həmin yeniyetmələr Avropaya baxıb hərəkət edirlər. Biz onlardan bunu istəmişik. İndi də onlar bizə bunu verirlər”.
Psixoloq bildirir ki, gənc dəliqanlı deməkdir və onu redaktə etmək lazımdır:
“Onu bütün cəmiyyət qarşısında təhqir etmək olmaz. Gənc kitab da oxuya bilər, dərsdən sonra hardasa əylənə də bilər.
Düzdür görünən mənzərə normal deyildi, amma 16-17 yaşlı yeniyetmədən hansı səviyyədə normal hərəkət gözləmək olar? Bu gün 40-50 yaşlı insanlar emosiyalarını sıxa bilməyib, komputer arxasından bütün gəncliyi təhqir edir. Amma yeniyetmədən emosiyasını sıxmağı tələb edir.
İnsan iki halda olur. Bir kütlə, bir də fərdi şəkildə. Fərdi şəkildə həmin yeniyetmələrə desəydilər ki, qışqır, inanın ki, onlar etməzdilər. Amma 30-40 nəfərin içərisində hamısı qışqıracaq. Bu insan psixologiyasıdır. Bunu qınamaq absurddur”.
Leyla
Medianews.az