“Demək olar ki, səhərə yaxın – gecə saat 5-də və oyun vaxtı da dopinqə görə gəlib məni yoxlayıblar”.
Bunu “Report”a müsahibəsində “Zirə” klubunun futbolçusu Ruslan Abışov deyib.
Azərbaycan millisinin 35 yaşlı keçmiş müdafiəçisi 3 ilə yaxın Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) izlənən idmançısı olduğunu xatırladıb: “Dopinq dünya idmanında ciddi problemlər yaradır. AMADA 2016-cı ildən çox böyük işlər görüb. Qurumun üzvü kimi futbol sahəsinə bacardığım qədər kömək etməyə çalışıram. Bütün idmançılara təmiz qələbələr arzu edirəm”.
Təcrübəli oyunçu AMADA-nın “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” layihəsi barədə də danışıb: “AMADA-ya təşəkkür edirəm, belə gözəl tədbir təşkil ediblər. Burada iştirak edən hər kəsə minnətdaram. Əziyyət çəkiblər və belə vacib məsələləri işıqlandırırlar. Bu, gələcək nəsil üçün böyük addımdır”.