Bir çox ölkə Ukraynanı işğal edən Rusiyaya qarşı sanksiya tətbiq etmək qərarına gəldiyi zamanda Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğluna Türkiyənin BMT-nin tətbiq edə biləcəyi sanksiyalara münasibəti ilə bağlı sual verilib.
Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, NTV ekranlarında çıxış edən xarici işlər naziri Türkiyənin Rusiyaya qarşı sanksiyalarda iştirak edib-etməyəcəyi sualını da cavablandırıb.
Mövlud Çavuşoğlu BMT-nin sanksiyalarına tabe olacaqlarını açıqlayıb: “Türkiyə prinsiplərlə siyasət aparır. Rusiyanın Ukraynaya hücumunu düzgün görmədiyimizi söylədik. Biz də bir çox qərarların qəbulunda iştirak etdik. Montrö Konvensiyasına əməl etdik. Sanksiyalar BMT sanksiyasıdırsa, ona əməl edəcəyik”.
Mövlud Çavuşoğlu canlı yayımda Rusiyanın Ukraynaya müdaxiləsi də daxil olmaqla, gündəmdəki bir çox mövzu ilə bağlı qiymətləndirmələr də edib.
Türkiyənin prinsipial siyasət yürütdüyünü bildirən Çavuşoğlu daha sonra fikirlərinə bu cür davam edib: “Hər iki tərəf etiraf edir ki, vasitəçilik etdiyimiz müddətdə bizim bu sanksiyalarda iştirak etməyimiz qeyri-realdır. Sanksiyalar bizim şirkətlərə də təsir edə bilər. Amma biz prinsipial və balanslı mövqeyimizi qoruyub saxlayacağıq. Bizim apardığımız siyasətə hamı hörmətlə yanaşır”.
Nazir Ukrayna ilə Rusiya arasında davam edən danışıqlardan da bəh edib: “İstanbuldakı görüş ən məntiqli irəliləyiş olan danışıqlar oldu. Biz bu sahədə də müsbət addımlar gördük. Tərəflər arasında sənəd mübadiləsi aparıldı. Sadəcə Buça hadisələri danışıqlara mənfi təsir göstərib. Atəşkəs ehtimalı var, amma bu müharibə davam edərsə, atəşkəsə nail olmaq daha çətin olacaq.Biz daha çox blokada olan yerlərdə vasitəçiyik. Türkiyə olaraq bu məsəkənin həlli üçün çalışırıq”.
Turan Oruc
Medianews.az