Pandemiya dövründə tətbiq edilən qaydalar, qadağalar xeyli yüngülləşdirilsə də ölkəmizdə hələ də qapalı məkanlarda maska və 3-cu doza vaksin tələbi qalmaqdadır. Hətta bu tələb ali təhsil müəssisələri və məktəblər üçün də keçərlidir.
Təhsil eksperti Elşən Qafarov Medianews.az saytına açıqlaması zamanı bildirib ki, qapalı məkanlarda, o cümlədən təhsil müəssisələrində maska və 3-cü doza peyvənd tələbi aradan qaldırılmalıdır.
“Qanunvericiliyə görə hələ də qapalı məkanlarda maska taxılması, o cümlədən 3-cü doza peyvəndin vurulması tələbi qalmaqdadır. Lakin praktikada görürük ki, bir çox hallarda maksadan düzgün formada istifadə edilmir. Əslində bir neçə xarici ölkələrdə bu tələblər tamamilə aradan qaldırılıb. Ölkəmizdə də son aylarda Nazirlər Kabinetinin qərarına uyğun olaraq, məhdudiyyətlərin böyük hissəsi ardan qaldırılıb. Hazırda isə üçüncü doza vaksin və maska taxılması tələbi qalmaqdadır”.
Ekspertin sözlərinə görə, maska tələbinin aradan qaldırılması üçün zaman yetişib.
“Hesab edirəm ki, əhalinin böyük bir hissəsi artıq 2 doza, hətta kifayət qədər qism isə 3-cü doza vaksin olunub.Ümidvarıq ki, yaxın günlərdə Nazirlər Kabineti maska taxılması məsələsi ilə bağlı da qərar qəbul edəcək. Çünki havalar istiləşir, insanların böyük əksəriyyəti vaksin olunub”.
Leyla
Medianews.az