2020-ci il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Artıq digər şəhər və rayonlarla yanaşı, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 550 sayda tibbi xidmətdən istifadə etmək imkanı qazanıb.
Məlum olduğu kimi, ölkədə icbari tibbi sığorta haqlarının yığımına 1 yanvar 2021-ci il tarixindən başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli Qərarı ilə isə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli Qərara dəyişiklik edilərək icbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib.
İcbari tibbi sığorta sistemi ölkəmiz üçün yeni olduğundan, təbii olaraq, bir çox məqamlar, xüsusən də icbari tibbi sığortanın kimlərə şamil edilməməsi ilə bağlı suallar yaranır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsindən Medianews.az saytına açıqlama verilərək, bildirilirb ki, “Tibbi sığorta haqqında” Qanunun 15-2.-ci maddəsinin (İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar ) 15-2.3. bəndinə əsasən icbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) şamil edilmir.
“Eyni zamanda Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə icbari tibbi sığorta aid edilmir”,-deyə məlumatda bildirilir.
Leyla
Medianews.az